Kinematoqrafçılar İttifaqı qurumdan kütləvi istefa xəbərləri ilə bağlı açıqlama yaydı...

“Məlumat üçün bildiririk ki, ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmamışdır”. Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından (ARKİ) baki-xeber-com-a verilən məlumatda bildirilir.
ARKİ-nin məlumatda “Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılmış, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək, əksinə, adlarından istifadə edilərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirmişlər”-deyə qeyd edilir.
Məlumat üçün bildirək ki, mətbuatda ARKİ üzvlüyündən kütləvi istefalar olduğu barədə məlumat yayılıb. Bildirilib ki, bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina edib. İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.
Leyla QARAXANLI