Əbdül Mahmudbəyov: “Müslüm Maqomayev haqqında yeganə filmin müəlliflərindən biri olmağıma baxmayaraq, onun xatirə tədbirinə dəvət edilmədim”

“Müslüm Maqomayevin dövlət səviyyəsində 80 illik yubileyi qeyd edilib, amma məni yubileyə dəvət etməyiblər. Mən sənətlə bağlı bir adamın yas yerində idim. Orada sənət yoldaşlarıma rast gəldim. Neçə gündür xəstəydim deyə evdən çıxmırdım. Yas yerində sənət yoldaşlarım “yəqin ki, axşam görüşürük” dedilər.
Dedilər ki, bəs Filarmoniyada Müslüm Maqomayevin anım günü keçirilir, səni dəvət etməyiblər? Dedim, yox etməyiblər. Bütün kino ictimaiyyəti, kino mühiti yaxşı bilir ki, Azərbaycanda yox, bütün SSRİ məkanında SSRİ Mərkəzi Dövlət Televiziyasının sifarişi ilə Müslüm Maqomayev haqqında çəkilən “Oxuyur Müslüm Maqomayev” filminin rejissorlarından biri də mənəm. O filmin çəkilişlərində nə əziyyət çəkmişəm, onu bir Allah bilir. O vaxtkı ölçü ilə biz yüksək kateqoriyalı film kimi onu SSRİ Mərkəzi Dövlət Televiziyasına təhvil verdik. O filmin çəkilişləri zamanı dövlət məmurları ilə, böyük şəxsiyyətlərlə görüşmüşəm, çünki elə yerlər var idi ki, orada çəkiliş aparmaq üçün xüsusi icazə almalı idik. Biz Müslümün üz-gözünü bağlayıb küçəyə elə çıxarırdıq. Müslümü atlı polis alayı müşayiət edirdi, onu tamaşaçılardan qoruyurdu. Bir dəfə Moskvada bir çəkiliş vaxtı Qaz-31-lə birgə Müslümü oğurlayıb apardlılar, güclə əllərindən aldıq. Yəni belə ağır şəraitdə, böyük əzab-əziyyətlər bahasına dahi Müslüm Maqomayevlə bağlı çəkdiyimiz, əlimizdə olan yeganə film “Oxuyur Müslüm Maqomayev” filmidir ki, onun da sağ qalan rejissorlarından biri mənəm. Müslüm Maqomayev haqqında yeganə filmin müəlliflərindən biri olmağıma baxmayaraq, onun xatirə tədbirinə dəvət edilmədim”. Bunu “Bakı-Xəbər”ə açıqlamasında Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış kinorejissor Əbdül Mahmudbəyov SSRİ Xalq artisti, dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən xatirə tədbirinə dəvət edilmədiyinə münasibət bildirərkən deyib.
- “Əgər bu gün mən yada salınmıramsa...”
Ə.Mahmudbəyov deyir ki, M.Maqomayevi yaxından tanıyanlardan, onunla ünsiyyətdə olanlardan, onun barəsində çəkilən filmin əziyyətini çəkənlərdən biri olsa da, Mədəniyyət Nazirliyi və tədbirin təşkilatçıları onu dahi sənətların anım mərasiminə dəvət etməyib. Belə bir məsələdə yada salınmamasının səbəbini anlamadığını deyən Ə.Mahmudbəyov bunu narazlıqla qarşılayır. “Əgər bu gün mən yada salınmıramsa, Azərbaycanın kino, teatr, musiqi mədəniyyəti görün nə gündədir. Bu mədəniyyətə kimlər rəhbərlik edir? Tək-tük sağ qalan sənətkarlardan biri kimi məni də tanımırlar. Yaxşı, o filmə baxanda, ondan fraqmentlər götürəndə soruşmurlar ki, bəlkə “Oxuyur Müslüm Maqomayev” filmini çəkənlərdən kimsə sağdır? Bunu bilənlər var. Mədəniyyətimizə rəhbərlik edənlər bütün bunları bilməyənlərdir. Təəssüflər olsun ki, nazirlikdə də, Nazirlər Kabinetində də kino sahəsinə baxanlar Azərbaycanın kino xadimlərini tanımırlar. Yalnız onlara lazım olanları tanıyırlar. Əgər bu qədər titulu olan sənətkarı bunlar tanımırsa, onda bunlar hansı kinoya, hansı mədəniyyətə xidmət göstərirlər?”
Uzun müddətdir haqsızlığa, ayrıseçkiliyə məruz qaldığını deyən Ə.Mahmudbəyov bildirdi ki, bunlara son qoyulmalıdır və zəhməti, əməyi olan sənətkara qiymət verilməlidir.
İradə SARIYEVA