Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-publisist Ramiz Qusarçaylının “Vətən” adlı epik poemadan ibarət kitabının təqdimat mərasimi keçirilib. Bundan əvvəl AMEA Fəlsəfə İnstitutunda və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda oxuculara təqdim olunan kitabın redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, “Ön söz” müəllifi tarix elmləri doktoru, professor, şair Şahin Fazildir (“Mücrü” nəşriyyatı. 364 səh).
Çıxış edən natiqlər – AYB-nin sədr müavini Rəşad Məcid, Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, tənqidçi-publisist, şair Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova, tarix elmləri doktoru, professor Eynulla Mədətli, şair-qəzəlxan Şahin Fazil, şair Nəzakət Məmmədli və başqaları “Vətən”in Azərbaycan poeziyasına, ədəbiyyatına, tarixinə çox böyük ərməğan olduğunu vurğulayaraq, “Vətən”i bir daha öydülər, vətəni bir daha sevdilər. Çıxışçılar “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifi, şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümı edilərək, kitab-kitab Rusiya, Ukrayna, İran və Türkiyə nəşr olunan Ramiz Qusarçaylının Xalq şairi adı almasını arzu etdilər.
Ramiz Qusarçaylı öz çıxışında mərasim iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkür etdi.
Ülviyyə NAĞIYEVA