Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, ölkə 2028-ci ilə qədər 100 milyon turistə çatmağı və 120 milyard dollar turizm gəliri əldə etməyi planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, türkiyəli nazir bu barədə 24 telekanalının efirində bildirib.
Onun sözlərinə görə, hazırda 125 ölkənin televiziyalarında və rəqəmsal məkanında Türkiyənin turizm potensialından bəhs edən reklam çarxları nümayiş etdirilir.
Nazir vurğulayıb ki, Türkiyənin turizm potensialı haqqında məlumatlandırma kampaniyası tezliklə Türk Hava Yollarının uçduğu bütün ölkələri əhatə edəcək.
Ersoy deyib ki, təkcə İstanbulu gündə orta hesabla 37-40 min əcnəbi ziyarət edir.
"Biz Fars körfəzinin ərəb ölkələrindən Türkiyəyə turist axınının ciddi şəkildə artacağını gözləyirik ki, bu da əsasən prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi səyləri, o cümlədən BƏƏ-yə son səfəri ilə asanlaşdırılıb”, - nazir bildirib.
Nazir ölkədə epidemioloji vəziyyətin normallaşması fonunda Türkiyənin dünyanın bir çox ölkəsində “qırmızı zona” siyahısından çıxarıldığını diqqətə çatdırıb:
“Biz əsas diqqəti gəlirlərin artmasına yönəldəcəyik, müəyyən kateqoriyalı turistləri cəlb etməyə yönəlmişik. Bu istiqamətdə intensiv iş aparılır. Türkiyədə bir turistə düşən gəlir 2018-ci ildə 647 dollar idisə, 2021-ci ildə 834 dollara çatıb. Ümid edirik ki, 2023-cü ilə qədər biz qarşıya qoyulan məqsədlərə nail olacağıq və bu rəqəmi 900 dollardan yuxarıya çatdıracağıq”.
Nazir qeyd edib ki, Türkiyə turizm sahəsində daha yüksək hədəflərə çatmaq niyyətindədir: “2019-cu ildə Türkiyəyə 52 milyon turist gəlib. Bununla kifayətlənmək niyyətində deyilik. Gələcəkdə turistlərin sayını 60, 70, hətta 100 milyona çatdırmaq istəyirik. Yəni 2028-ci ildə 100 milyon turist və 120 milyard gəlir səviyyəsinə çatmalıyıq. Təbii ki, epidemiya yenidən başlasa, heç nə deyə bilməyəcəyik. Amma indiki rejimdə Türkiyə öz məqsədinə asanlıqla nail ola bilir”.