Azərbaycanda tarixi abidələrin sayı kifayət qədər çox olsa da, onların bir çoxu qeydiyyata alınmayıb. Qeydiyyata alındığı deyilən abidələr arasında isə baxımsız, uçub-dağılmaq təhlükəsi altında olanlar az deyil.
Baxımsız qalan belə abidələrdən birinin Şəkidə olduğu deyilir. İddialara görə, Şəkidə daha bir tarixi abidə baxımsızlıqdan məhv olur. Turistlərin mütəmadi olaraq səfər etdiyi Şəkidə hansısa baxımsız abidənin olması mənfi haldır. Mətbuatda yazılanlara görə, Şəkinin Daşüz kəndində yerləşən Ədil xana məxsus ev - tarixi abidə, təəssüf ki, hazırda baxımsız vəziyyətdə qalıb. Yazılanlara görə, Ədil xan İlisulu barədə müxtəlif rəvayətlər mövcuddur. Bir çoxları Ədil xanı Şəki xanlarından biri kimi tanıyır. Ədil xan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur zadəganlardan biridir. Sultanovlar nəslinin nümayəndəsi olan bu şəxs atlara böyük marağı ilə şöhrət qazanıb. O, Daşüz kəndində Qafqazda o vaxtın ən böyük atçılıq zavodlarından birini inşa etdirib. Bu kənddə Ədil xanın xatirəsini yaşadan ev günümüzə qədər gəlib çatıb. Müxtəlif dövrlərdə binada damazçılıq və digər müəssisələr fəaliyyət göstərib.
1914-cü ildə bişmiş kərpicdən tikilən ev Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi mühafizə olunur.
Ədil xana məxsus evin həqiqətən də bərbad vəziyyətdə olması mətbuatda əks olunan fotolardan da görsənir. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu adda abidə dövlət qeydiyyatında yoxdur: “Məsələni araşdırdıq. Həmin tikili tarixi abidə kimi dövlət qeydiyyatında yoxdur”.
Ekspertlər hesab edir ki, abidə dövlət qeydiyyatına alınmasa belə, yerli qurumlar, bələdiyyə orqanları tarixi abidələri qorumalıdır.
İradə SARIYEVA