Qoca Şərqin qapısından çox karvanlar adlayıb geçib, tarixin yaddaşında çoxlarının ayaq səsləri qalıb, qulaq verəndə eşidirsən. Nuh Nəbinin son pənah yeri olub, insanlığın yenidən oyanışı , diriliş baş verib bu torpaqda. Tufanlarla pəncələşən, burulğanlarla cəngi-cidaya çıxan Nuhun gəmisinin son dayandığı Naxçıvan olub. O Naxçıvan ki, Gəmiqayası tarixin yaşıdıdır. O Naxçıvan ki, Nuhun xilaskarlıq epopeyasının şahididir. Naxçıvan haqqında çox yazılıb, amma ona bəslənən məhəbbəti cild-cild kitablara sığışdırmaq mümkün olmayıb. Çünki tükənməz xəzinədir bu ulus, bu el. Tanınmış şair, publisist, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlu da Naxçıvan haqqında maraqlı bir kitab yazıb. Ə.Mədətoğlunun şeirlər kitablarını çoxlarımız oxumuşuq, duyğusal dünyasına bələd olmuşuq. Ə.Mədətoğlu “Nuh gəmisinin son limanı” adı verdiyi kitabı isə şeirlə publistikanın vəhdətinin təzahürüdür. Kitab 2021-ci ildə “Adiloğlu” nəşriyyatında çap olunub. Duyğusunun, ruhunun bənd olduğu, Şərqin qapısı sayılan Naxçıvana həsr etdiyi kitabında çox maraqlı yazılar var. Bu yazıları Ə.Mədətoğlu necə yazıb? Ürəyinin, ruhunun diqtəsilə, necə deyərlər, könlü deyib, qələmi yazıb. Əbülfət Mədətoğlunun “Nuh gəmisinin son limanı”nda Naxçıvanda yaşayıb yaradan şair və yazıçıların yaradıcılığı barədə ayrı-ayrı dövrlərdə “Ədalət” qəzetində çap olunan məqalələri yer alıb. Bu məqalələrdən onlarla şair ömrü boylanır.
Adını eşitmişdim
Gəlib özünü gördüm...
Daşların arasından
Gülən gözünü gördüm-
Qızlar bulağı...
Pıçıltın şeh səsisdi...
Ünvanın görüş yeri
Mən aşiqin bəsidi-
Ə.Mədətoğlunun kitabı həm də Naxçıvan şairləri ilə bir görüş yeridir. Elə imzalar var ki, onları bu kitabda görüb çox sevinirik, oxuyuruq. Kitaba “Naxçıvana sonsuz sevginin, məhəbbətin sədası” adlı ön söz yazan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Asif Yadigar qeyd edir: “Əbülfət müəllim “Nuh gəmisinin son limanı” əsərini ön söz yazmaq üçün mənə göndərəndə bir anlığa fikirləşdim ki, bu yazılar elə Naxçıvanda isti-isti yazılıb mətbuata yol açıb. Hər bir yazı Naxçıvan torpağına sonsuz sevginin və məhəbbətin bariz ifadəsidir”.
Sona Vəliyevanın, Asim Yadigarın, Fərəc Fərəcovun, Əbülfəz Ülvinin, Hüseyn əsgərovun, İbrahim Yusifoğlunun, Kəmaləddin Qədimin, Adəm Asnının, məktəbli Nicat Əsədlinin kitablarına həsr etdiyi yazılar da burada öz əksini tapıb. Ə.Mədətolu bu kitabda həm danışıb, həm də danışdırıb, şairləri dindirib. Hər şair də ki, bir dünyadır və bu dünyanın sakini də, kimsəsi də sözdür. Sözə vardıq, muradımızı sözdən aldıq, deyənlərin dünyasıdır söz.
“Nuh gəmisinin son limanı”nı dünyanın yenidən başlanğıc nöqtəsidir. Əgər əsatirlərə inansaq və tarixin gizlinlərinə vaqif ola bilsək, oranı dünyanın yenidən başlanğıc nöqtəsi saya bilərik.
Yeni kitabının işıq üzü görməsi münasibəti ilə qəzetimizin dostu, tanınmış şair-publisist, jurnalist Əbülfət Mədətoğlunu təbrik edirik.
İradə SARIYEVA