Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaratmaqla qəza törədən sürücü saxlanaraq, barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Hətəmli idarə etdiyi “Mersedes Benz” markalı, 99-SR-457 dövlət qetdiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edib. Daha sonra isə idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarında dayanmış "Nissan Teana" markalı avtomobilə vurub. Yol polisi əməkdaşları tərəfindən saxlanılan H.Hətəmlinin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.