Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib.
Saxlanan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində on səkkiz vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, adıçəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyi, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib. Polis əməkdaşları Nəsrulla Sultanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar da varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.