İyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.
İyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Şirvan və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanıb.
İyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanıb.
Hər üç faktla bağlı cinayət işləri başlanılıb. İstintaq aparılır.
İyulun 12-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Mahrızlı kəndinin ərazisində Ə.Abbasovun avtomobilindən oğurluğa cəhd göstərməkdə, V.Məmmədlinin və R.Əhmədovun avtomobillərindən isə pul və mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ağəli Salahov saxlanılıb. Onun həmin gün V.Məmmədlinin “Mercedes” markalı avtomobilini qaçırmağa cəhd göstərdiyi də müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı