Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq, soyğunçuluq və cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanıb.
Paytaxt sakini Ş.Quliyevanın içərisində 62 manat pulu, mobil telefonu və açarı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Məcid Abbasov isə Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.
Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə yanvarın 17-də S.Quliyevanın içərisində 400 manat pulu və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Asif Quliyev saxlanıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 qadının çantasından pulqabılarını oğurladığı da müəyyən edilib.
Hər üç faktla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı