Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar aldığı, ödəniş etdiyi pulların saxta olmasından şübhələnən satıcının ondan aldığı malları qaytarmasını tələb etdiyi, lakin sonuncunun həmin ləvazimatlar olan bağlamanı onun əlindən alaraq qaçdığı müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov saxlanaraq istintqa təhvil verilib.
Satıcı həmin şəxsin verdiyi saxta olduğu ehtimal edilən 10 ədəd 100 manatlıq əskinasları da istintaqa təqdim edib.
Natiq CAVADOV DİN mətbuat xidmətinin əməkdaşı