Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib.
Xəzər rayon Prokurorluğunun verdiyi məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib. Xəbərə görə, həmin müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
Xəzər rayon Prokurorluğunun əməkdaşları hadisə yerində olub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülmüş, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.
Baki-xeber.com