Polis əməkdaşlarının təxirəsalınmaz tədbirləri ilə noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücülər müəyyən edilərək istintaqa təhvil verilib.
Belə ki, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.
Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulduğu müəyyən edilib.
29-cu Polis Bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanıb.
Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.
Araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.
Suraxanı RPİ və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Peugeot” markalı avtomobillə törədildiyi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanıb.
Hər iki faktla araşdırma aparılır.
Natiq CAVADOV DİN mətbuat xidmətinin əməkdaşı