Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunun Yam-İjora qəsəbəsində güllələnən azərbaycanlı Lənkəran rayonunun Cil kəndindəndir. APA-nın cənub bürosu xəbər verir ki, fevralın 3-də Leninqradski küçəsi, 10 ünvanında yerləşən "Arqo” kafesinin yanında saxladığı "Mercedes-Benz" markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərovun əvvəllər məhkum edildiyi də məlum olub.
"Chevrolet Lacetti" markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər "Mercedes-Benz"ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin motivlərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.