Bakıda daha bir qətl törədilib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb.
Qadına 43 bıçaq zərbəsi vurulub. Hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.
İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.