Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, Cəlilabad rayonunun Sərhədabad kənd sakini E.Qədirov, Zopun kənd sakini N.Nəsirov və Privolnoye kənd sakini A.Nuriyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar aşkar edilərək yaşadıqları ünvanlara qaytarılıblar.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.