08/08/2020 13:19
728 x 90

Karantin bölgələrinə qanunsuz sərnişin daşıyan 2 sürücü və MMC rəhbərinə cinayət işi açıldı - FOTO

img

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi, “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub.

Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində  təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib. Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozub.

Polis əməkdaşlarının həyata keçirdiyi daha bir tədbir zamanı isə karantin qaydalarını pozaraq Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov saxlanıb. Bu şəxs rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirib və polis əməkdaşlarını aldatmağa cəhd göstərib. Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa insanlar olduğu məlum olub.

Hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Karantin qaydalarını pozan  Pərvin Tatarov, Elkin Xasməmmədov və İmran Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər