DİN və Kənd Təsərrüfatı nazirliklərinin rayonlarda birgə əməliyyatı – fermer subsidiyalarını mənimsəyən 10-dan artıq şirkət rəhbəri həbs edildi

Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfattı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.
Trend-in məlumatına görə, əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb. Saxlanılan şəxslərin əksəriyyəti ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir.
Hadisə barədə ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyata münasibət bildirib.
Nazirliyin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatı ilə bağlı birgə məlumat yayılacaq.