Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılan qanun layihələrindən biri də “Banklar haqqında” qanun layihəsi idi. Qanun layihəsinə bəzi əlavələrin olunması, dəyişikliklərin edilməsi parlamentarilər tərəfindən müzakirə olunurdu.
Həmçinin, qanun layihəsinə bankların kredit faizlərinin yuxarı həddinin müəyyən olunması da daxil idi. Lakin “Banklar haqında” qanun layihəsi müzakirədən çıxarılıb. Səbəb kimi isə qeyd olunur ki, nəzərdə tutulan dəyişikliklər öncədən düzgün deyildi və bazar iqtisadiyyatı prinsipləri ilə uyğunlaşmırdı.
Vahid Əhmədov: “Bank kreditləri faizlərinin aşağı salınması lazımdır, amma…”
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adıçəkilən qanun layihəsi müzakirədən çıxarılıb. Qanun layihəsinin müzakirədən çıxarılmasının səbəbi barədə danışan millət vəkili qeyd edib ki, bu layihə həm də ölkədə bankların sağlamlaşdırılması islahatları ilə ziddiyyət təşkil edirdi. “Bank kreditləri faizlərinin aşağı salınması lazımdır, amma bu, inzibati müdaxilə yolu ilə yox, bazar iqtisadiyyatı prinsipilə həllini tapmalıdır”.
Millət vəkilinin sözlərinə görə, bankların kredit fazilərinin yuxarı həddini müəyyən etmək barədə “Banklar haqqında” qanun layihəsində nəzərdə tutulan müddəa başından düzgün deyildi və bazar iqtisadiyyatı prinsipləri ilə uyğunluq təşkil etmirdi.
V.Əhmədov onu da vurğuladı ki, bank faizlərini bazar tənzimləməlidir. Bankların faiz dərəcələrinin yuxarı həddinin müəyyən olunması ilə bağlı dəyişikliyin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilmişdi. Ancaq sonradan müəyyən müzakirələr aparıldı və qərara alındı ki, bank faizləri aşağı salınsın: “Məlumdur ki, hazırda bank faizləri yüksəkdir və onun aşağı salınması ciddi şəkildə tələb olunur”.
Həmsöhbətimiz qeyd etdi ki, hazırda bank sistemində müəyyən irəliləyişlər var. Prezident İ.Əliyev tərəfindən bank sisteminin kapitallaşması, onun likvidliyi ilə əlaqədar müəyyən addımlar atılıb: “Məlumdur ki, problemli kreditlər məsələsinə də son qoyuldu. Prezidentin sərəncamı ilə uzun müddətdir hər kəsin həllini səbrsizliklə gözlədiyi problem çözüldü. Kompensasiyaların geri qaytarılması üçün müəyyən qədər vəsait ayrıldı. Banklar da bunu nəzərə alıb kredit faizlərini aşağı salmalıdırlar”. Millət vəkilinin sözlərinə görə, son illər Azərbaycanın bank sistemi çox əziyyət çəkib. Devalvasiyalar bank sektoruna müəyyən dərəcədə zərər yetirib. Onun sağlamlaşdırılması üçün bir sıra işlər görmək lazımdır. Elə etmək lazımdır ki, bankda kapital, likvidlik problemi olmasın. Belə olarsa, kredit faizləri aşağı salınar. Bank sektorunun tam şəkildə sağlamlaşdırılması üçün çoxlu sayda işin görülməsinə ehtiyac var.
Günel CƏLİLOVA