Muğana su gəlir, Milə su gəlir,
Yığışıb öz eli, ulusu gəlir... Torpağa insanın arzusu gəlir- Bağrıma basıram ana Vətəni, Bu ülfət ilhama çağırır məni!
Böyük şair Səməd Vurğunun "Muğan" poemasında yazdığı bu misraları oxuyarkən, istər-istəməz, insanın gözü önündə quraqlıqdan bağrı cadar-cadar olmuş ucsuz-bucaqsız çöllərə suyun həyat verməsi kimi möhtəşəm bir mənzərə canlanır. Susuz həyatın mümkünsüzlüyünü, insanlığın məhvinin labüdlüyünü bir daha dərk edirsən. Onu da anlayırsan ki, bu əvəzsiz neməti qorumalısan, çünki onun yoxluğunu heç bir nəsnə əvəz edə bilməz...
Paytaxt Bakının su təchizatının çox maraqlı tarixi var. Bu tarix məşhur milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Ötən əsrin əvvəllərində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və maarifçi-ziyalı Həsən bəy Zərdabinin Bakıya içməli su kəmərinin çəkilməsi təklifini səsləndirməsi bu tarixin başlanğıcı oldu. Buna qədər isə Bakıda və Bakıətrafı kəndlərə hələ qədim dövrlərdə tikilən ovdanlara yağıntı suları yığılır, daşdan süzülərək təmizlənən bu su əhalinin istifadəsi üçün yararlı hala gəlirdi. Bundan başqa, həyətlərdə qazılan quyular da əhalinin əsas su mənbəyi rolunu oynayırdı. Lakin texnologiyanın primitiv inkişaf dövründə olduğu o dönəmlərdə daha çox əl əməyi bahasına başa gələn belə quyuların suyu hər zaman istifadəyə yararlı olmurdu. Bunun əsas səbəbi Abşeronun, adından da göründüyü kimi (ab-şoran), "şor sulu" əraziyə malik olması idi. Yəni insanlar böyük zəhmət və vəsait bahasına başa gələn qazıntını bitirib su qatına çatdıqda, bir çox hallarda, suyun duzlu olması səbəbindən içməyə yararlı olmadığını görürdü. Bütün bunlar isə Abşeronda doğulan böyük neft maqnatı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin diqqətindən kənarda qala bilməzdi və ... qalmadı.
Bakı-Şollar kəməri - su kimi axan bir əsrlik tarix...
1879-cü ildə Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Dumada su kəmərləri komissiyası yaradılır və Bakını su ilə təmin etmək məqsədilə su mənbələrinin axtarışına 1000 rubl vəsait ayrılır. Lakin Şabanov, Semyannikov, Uspenski, Baseviç və Sokolovski kimi o dövrün tanınmış mühəndis-hidravliklərinin axtarışları nəticəsində məlum olur ki, Bakı ətrafında kifayət qədər içməli su ehtiyatı yoxdur. Bundan sonra Bakı şəhərini içməli su ilə təmin etmək üçün müxtəlif layihələr təklif olunur. Bəziləri içməli suyun şəhərə Kür çayından gəmilərlə və ya Araz çayından tuluqlarda gətirilməsini, digərləri isə Göygöldən öz axarı ilə su xəttinin çəkilməsini təklif edir. Eyni zamanda dəniz suyunun təmizlənərək şəhərə verilməsi, hətta Volqa çayının suyunun şəhərə gətirilməsi kimi o dövr üçün fantastik görünən təkliflər də səslənir. Lakin həmin dönəmdə Bakı əhli daha bir qorxulu situasiya ilə üz-üzə qalır - Bakıda vəba epidemiyası yayılır (1892) və şəhər kəhrizlərinin suyu yararsız hesab edilərək istifadəsi qadağan olunur. Həmin dövrdə su kəmərləri mühəndisləri - Moskvadan Altuxov, Parisdən Dümon və Tiflisdən Royit Bakı Dumasına Kür suyunun şəhərə gətirilməsinə dair üç layihə təklif edir. Lakin bu layihələr SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburqdakı Texniki-İnşaat İnstitutu tərəfindən vəsait çatışmazlığı üzündən rədd edilir. Bu zaman Bakının su təchizatı məsələlərinin həllində yerli şəraitə yaxşı bələd olan və əhali arasında böyük nüfuza malik neft milyonçusu Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasında yerli şəraitin öyrənilməsi və vəziyyətdən çıxış yolu tapılması məqsədilə Avropanın ən yaxşı hidravlik-mühəndisi sayılan Uilyam Harleyn Lindleyin Bakıya dəvət olunmasını təklif edir. Uilyam Lindley dünya texniki tərəqqisinə bir çox töhfələr vermiş Lindleylər sülaləsinin nümayəndəsi idi. Ata və oğul Lindleylər Avropanın 35 şəhəri üçün su kəməri və kanalizasiya xətti inşa etmişdilər. Lindley 1899-cu ilin payızında Bakıya gəlir və vaxt itirmədən geoloq və mühəndislərin tədqiqat işlərinin nəticələri ilə tanış olur. Əvvəlcə o, Kür çayı ilə maraqlanır, çünki 1895-ci ildə Msxeti yaxınlığında - Qızıl kilsədə Tsalka bulaqlarının suyunun Tiflisə gətirilməsi layihəsinin memarı olmuşdu. İkinci tanışlıq isə Qafqaz dağlarının şimal yamaclarının - Şalvuz-dağ, Bazar düzü və Şahdağın bulaqlarının suyundan bəhrələnən Samur çayı ilə olur. Lakin Lindleyin diqqətini daha çox Qusar çayının yatağı cəlb edir. Şübhəsiz, Qusarçay əbədi buzlaqlarla örtülmüş geniş dağlıq ərazidə olduqca etibarlı və təmiz hövzə idi. Lindleyin ilk dəfə bu hövzəni gündəmə gətirməsi Bakı Dumasında qızğın müzakirələrə səbəb olur. Lindley isə opponentlərini öz seçiminin düzgünlüyünə inandırmaq məqsədilə ərazidə hidroloji ekspertiza aparılmasını təklif edir. Lakin Şəhər Duması vəsait ayırmaqdan imtina edir. Bu zaman Hacı Zeynalabdin Tağıyev lazımi işlərin görülməsi üçün, özünün dediyi kimi, "kasıb şəhər idarəsinə" 25000 rubl kredit təklif edir. Elə Hacının bu təklifi də Bakının gələcək su təchizatının əsasını qoyur.
Atasının dəfn mərasimində iştirak etmək üçün təcili Londona qayıtmağa məcbur olan Uilyam Lindley isə buradakı görəvini mühəndis Şolla həvalə edir və beləliklə də Şoll sonradan onun adı ilə Şollar adını alan su kəmərinin geoloji ekspedisiyasının rəisi təyin olunur. Su nümunələrinin öyrənilməsi üçün isə Tağıyevin Qızlar Gimnaziyasının zirzəmisində laboratoriya yaradılır. Lakin Rus-Alman müharibəsinin başlanması şəhərin su təchizatı məsələsini bir daha arxa plana atır.
1909-cu ilin mart ayında Tiflisdə Rusiya su kəmərləri işçilərinin 9-cu qurultayı keçirilir. Lindley qurultayda çıxış edərək, çay suyu ilə müqayisədə bulaq suyunun daha üstün olmasına qurultay iştirakçılarını inandıra bilir və dediklərinə misal kimi Bakının su təchizatında məhz Şahdağ bulaqlarından istifadənin zəruriliyini qeyd edir. Qurultay Bakı su kəmərinin Şahdağdan çəkilməsini məqsədəuyğun sayır. Ardınca Duma, nəhayət ki, çoxdan gözlənilən qərarı qəbul edir.
Kəmərin çəkilişi üçün elan olunan tenderdə İngiltərənin "Qriffits" şirkəti qalib gəlir. Şirkət Xaçmazda və Dəvəçidə beton boru istehsalı zavodu inşa edir. Ancaq tikinti işləri ləng getdiyinə, borular zay hesab edildiyinə görə 2 il yarım ərzində şirkət müqavilədə nəzərdə tutulmuş işlərin yalnız 16 faizinə əməl edə bilir. Bundan sonra Şəhər İdarəsi "Qriffits"lə müqaviləni ləğv edərək inşaat işlərini öz üzərinə götürür. Bütün inşaat işləri ilə Bakı Şəhər İdarəsi nəzdində təsis edilmiş su kəmərinin inşası şöbəsi, həmçinin Şəhər Dumasının deputatlarından yaradılmış su kəmərləri icraçı komissiyası məşğul olur. Hacı Zeylanabdin Tağıyev də komissiyanın tərkibinə daxil edilir. Maraqlıdır ki, artıq bir əsrdir Bakıya su ötürən bu boruların hər hansı təmirə hələ də ehtiyacı yoxdur. Keyfiyyətilə hətta müasir dövrün mütəxəssislərini belə heyrətə gətirən boruların su sızdırmaması isə onların bir-birinə hansı vasitələrlə birləşdirdiyi müəmmasını hələ də özündə gizli saxlayır.
Nəhayət, 1917-ci il yanvarın 22-də Şollar suyunun ilk şırnağı 187 kilometrlik məsafəni 63 saata qət edərək, düz müəyyən olunmuş vaxtda Bakıya çatır. Mart ayının 1-dən isə Bakı-Şollar su kəmərinin istismarına başlanır. Artıq bu tarixdən 100 il - tam bir əsr ötür və faktdır ki, məşhur milyonçunun sayəsində uğurlu bünövrə üzərində qurulan bu sistem özünün bugünkü inkişaf göstəricilərilə ona olan inamı doğruldub.
Kür Bakıya gəlir...
Abşeron yarımadasının içməli su təchizatında Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksinin də böyük rolu olub. Bu anbar da ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. Samur çayının suyunun Ceyranbatan anbarına gətirilməsini və burada təmizlənərək istehlakçılara çatdırılmasını nəzərdə tutan layihənin icrasına isə onun işlənməsindən təxminən yarım əsr sonra başlanır. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilir. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradılır və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlanır. Anbarın əsas üstünlüklərindən biri odur ki, burada toplanan su 80 % təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür.
Daha sonra Kür suyunun Bakıya çəkilməsi barədə qərar qəbul edilir və 30 ay sürəcək inşaat işlərinə start verilir. Lakin 1970-ci il iyunun 10-da Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin çəkilişinin sürətləndirilməsi gündəmə gətirilir. Bundan sonra 30 aya görülməli olan işlər qısa müddətdə başa çatdırılır. 1970-ci il sentyabrın 27-də Birinci Kür su kəmərlərinin birinci xətti, bir il sonra - 1971-ci il sentyabrın 15-də ikinci xətti istifadəyə verilir.
1980-88-ci illərdə İkinci Kür su kəmərləri sistemi ilə Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır. Sistemin ikinci növbəsinin istismara verilməsi yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində su qıtlığı problemini aradan qaldırır. Lakin bəllidir ki, həmin illərdə artıq ölkəmiz ciddi qaçqın-köçkün problemi ilə üzləşməyə başlamışdı. Ermənistanın təcavüzü nəticəsində yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımızın əksəriyyəti isə məhz Bakıya üz tutmuşdu. Bunun bir səbəbi paytaxtda iş tapmağın daha asan ola biləcəyi fikri idisə, digər daha böyük səbəb onların sürətlə irəliləyən vəhşi ordudan bacardıqca uzaqlara qaçmaq istəyi idi. Beləliklə, dinc dövrün urbanizasiyasından fərqli olaraq, Bakı xaotik şəkildə yüklənirdi. Təbii, sakinlər artdıqca sosial tələblər də çoxalırdı ki, gənc müstəqil ölkənin mövcud imkanları bu tələbatı qarşılamaqda aciz idi. Belə bir vaxtda - 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə mərhum prezident Heydər Əliyev Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı vəziyyətin öyrənilməsi üçün müvafiq göstəriş verir.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə başlanıb. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və "Azərsu" ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi isə 2010-cu il dekabrin 28-də keçirilir.
Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun olan bu keyfiyyətli su hazırda Bakı şəhərinə özüaxımlı rejimdə verilməklə paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir. Bu kəmərlə paytaxta saniyədə 5 kubmetr su verilir. Bu gün, sevindirici haldır ki, artıq Bakı və qəsəbələri fasiləsiz içməli su ilə təmin olunur. Dünyanın ünlü ölkələrinin içməli su problemi ilə üz-üzə qaldığı bir dönəmdə Azərbaycanın onu kökündən həll etməsi qürur doğurmaqla bərabər, həm də özünəinamlı ölkə olaraq davamlı strateji kurs götürdüyündən xəbər verir. Təsadüfi deyil ki, 1996-cı ildə yaradılan Dünya Su Şurasının Fransanın Marsel şəhərində keçirilən 7-ci Baş Assambleyasında ölkəmiz qurumun İdarə Heyətinə üzv seçilib. Belə bir mötəbər təşkilatın İdarə Heyətinə üzvlüyün Azərbaycanın su təsərrüfatı üçün önəmini əlavə şərh etməyə, təbii ki, ehtiyac yoxdur. Bu uğurun arxasında isə gərgin əməyin, doğru idarəetmə strategiyasının və ən önəmlisi - Vətən təəssübünün durduğu heç bir şübhə doğurmur.
Bu gün faktdır ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti əldə olunan uğurlarla kifayətlənmir və texnologiyalar yeniləndikcə, Bakının su təchizatında bu öz əksini tapır.
Yaşlı nəslin dilində belə bir alqış var: "Su ömrünə çatasan". Suyun əbədiliyinə işarə olan bu alqış hər kəsə deyil, məhz xeyirxah işlər görənlərə, başqalarına həyat bəxş edənlərə ünvanlanır. Bu gün Bakının su təchizatında "Azərsu"ASC-nin gördüyü və görməkdə olduğu işlər nəzərə alınarsa, düşünürəm, onlara da bu alqışdan pay düşür - Su ömrünə çatasız...
Samirə SƏFƏROVA
Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.