Azərbaycanda buğda istehsalı azalmaqda davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilib.
2026-cı il avqustun 3-nə olan məlumata görə, payızlıq-yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994.9 min hektar sahənin 925.1 min hektarı, yəni 93 faizi biçilib. Sahələrdən 3 milyon 131.9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33.9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534.8 min tonu (49 faizi) buğdanın, 1 milyon 561.2 min tonu (49.9 faizi) arpanın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul yığımı 6.2 faiz, o cümlədən arpa istehsalı 15.9 faiz çox, buğda istehsalı isə 2.1 faiz azdır. DSK qeyd edib: "Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420.7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur. Hər hektardan məhsuldarlıq isə 33.6 sentnerdən 36.5 sentnerə yüksəlib". DSK-nın əvvəlki məlumatlarına nəzər yetirilsə, bəlli olar ki, son illər ölkədə buğda istehsalında davamlı azalma var. Məsələn, ötən il bu azalmanın 4.5 faiz olduğu bildirilir. Ekspertlər bunu ölkədə taxılçılığın durumunun pisləşməsi ilə izah edirlər. Amma rəsmilər vurğulayır ki, kənd təsərrüfatına Azərbaycanda subsidiyalarla dövlətin ciddi dəstəyi var. Azərbaycan özünü tam ərzaq buğdası ilə təmin edə bilmir.
Buğda istehsalının azalmasına və ya məhsuldarlığın aşağı düşməsinə təsir edən əsas amillərdən biri iqlim dəyişiklikləridir. Azərbaycanda bəzi ərazilərdə yağıntıların qeyri-bərabər paylanması, quraqlıq, yüksək temperatur və su çatışmazlığı taxılın vegetasiya dövrünə mənfi təsir göstərir. Xüsusilə buğdanın inkişafının mühüm mərhələlərində torpaqda kifayət qədər nəmlik olmadıqda dənin formalaşması zəifləyir və hektardan əldə olunan məhsul azalır. Digər mühüm səbəb suvarma və su ehtiyatlarından səmərəli istifadə məsələsidir. Azərbaycanda əkin sahələrinin bir hissəsi yağıntılardan asılıdır. Suvarılan ərazilərdə isə köhnə suvarma sistemləri, su itkiləri və bəzi bölgələrdə su ehtiyatlarının məhdudluğu fermerlərin imkanlarını azalda bilər. Buna görə müasir suvarma texnologiyalarının tətbiqi, su itkisinin azaldılması və su ehtiyatlarının düzgün idarə olunması məhsuldarlığın yüksəldilməsi üçün vacibdir. Torpağın münbitliyinin zəifləməsi də digər problemdir. Eyni sahələrdə düzgün növbəli əkin tətbiq edilmədən uzun müddət taxıl becərilməsi torpağın qida maddələrinin azalmasına səbəb ola bilər. Keyfiyyətli toxum, gübrə və bitki mühafizə vasitələrinin kifayət qədər və düzgün tətbiq edilməməsi də məhsuldarlığı aşağı sala bilər. Bundan başqa, kənd təsərrüfatı texnikasının köhnəlməsi və bəzi təsərrüfatlarda müasir aqrotexniki üsulların tam tətbiq edilməməsi məhsul itkisini artırır. Buğda istehsalının azalmasının ən mühüm fəsadlarından biri idxaldan asılılığın artmasıdır. Yerli istehsal daxili tələbatı tam ödəmədikdə ölkə əlavə buğda və un idxal etməli olur. Bu isə dünya bazarında qiymətlərin dəyişməsi, logistika xərclərinin artması və beynəlxalq ticarətdə yaranan problemlərin daxili bazara təsirini gücləndirir.
Ramil QULİYEV