2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı 2 min 131 cinayət işi icraatda olub. Bu barədə Dövlət Vergi Xidmətinin açıqladığı illik hesabatda bildirilir. Bu göstərici 2024-cü illə müqayisədə 53.9 faiz artıb.
Azərbaycanda vergi hüquqpozmalarının yaranmasının əsas səbəblərindən biri vergi ödəyicilərinin vergi qanunvericiliyi haqqında kifayət qədər məlumatlı olmamasıdır. Xüsusilə kiçik sahibkarlıq subyektləri vergi öhdəliklərinin hesablanması, bəyannamələrin təqdim edilməsi, uçotun aparılması və digər tələblərlə bağlı çətinliklərlə qarşılaşa bilir. Vergi ödəyicilərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri barədə məlumat əldə etmək imkanlarının mövcud olması bu problemin azaldılmasında mühüm əhəmiyyət daşıyır. Digər mühüm səbəb vergidən yayınmaq və gəlirləri gizlətmək istəyidir. Bəzi sahibkarlar vergi yükünü azaltmaq məqsədilə real dövriyyəni tam göstərməyə, əmək münasibətlərini rəsmiləşdirməməyə və ya əməliyyatları düzgün sənədləşdirməməyə cəhd göstərə bilərlər. Dövlət Vergi Xidmətinin məlumatlarında əmtəəsiz və riskli əməliyyatların vergi hüquqpozmaları baxımından xüsusi risk yaratdığı və bu istiqamətdə təhlil və monitorinqlərin aparıldığı qeyd edilir. Bundan əlavə, vergi hüquqpozmalarının səbəbləri arasında vergi mədəniyyətinin yetərincə formalaşmaması da mühüm yer tutur. Verginin yalnız sahibkarın və ya vətəndaşın şəxsi maliyyə yükü kimi qəbul edilməsi vergi öhdəliklərinə mənfi münasibət yarada bilər. Halbuki, vergilər hesabına dövlətin sosial, iqtisadi və digər ictimai funksiyalarının maliyyələşdirilməsi həyata keçirilir. Buna görə vergi ödəmək yalnız hüquqi deyil, həm də ictimai məsuliyyət kimi qiymətləndirilməlidir.
Vergi inzibatçılığında mürəkkəblik və vergi ödəyicilərinin qarşılaşdığı praktiki çətinliklər də hüquqpozmaların yaranmasına şərait yaradır. Bu baxımdan elektron xidmətlərin genişləndirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, qanunvericiliyin daha aydın izah olunması və sahibkarlarla açıq dialoqun qurulması mühüm vasitələrdir. Dövlət Vergi Xidməti də müasir texnologiyaların, elektron bəyannamələrin və onlayn nəzarət mexanizmlərinin tətbiqinin vergi münasibətlərində şəffaflığı artırdığını bildirir. Hesabat dövründə başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202.7 milyon manat təşkil edib. Həmin cinayət işləri üzrə dövlət büdcəsinə 156 milyon manat ödənilib. Ötən il başlanmış cinayət işlərinin əksəriyyəti vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma halları ilə bağlı olub. İl ərzində yeddi şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50.4 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin illik hesabatında bildirilir ki, bu, yanvarın 1-i ilə müqayisədə 741.6 milyon manat və yaxud 22.4 faiz çoxdur. Son bir ildə isə ölkədə vergi borcları 556.7 milyon manat və yaxud 15.9 faiz artıb.
Qeyd edək ki, bu ildən bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Eləcə də qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisinə cəlb edilib.
Samirə SƏFƏROVA