Akif Nəsirli: “Məhsulun qiymətini 280-300 faiz bahalaşdırması normal bazar praktikası hesab edilə bilməz”
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 33,75 ton təbii bal idxal edilib. İdxal olunan təbii balın ümumi gömrük dəyəri 202,66 min dollar olub. Beləliklə, idxal edilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri 6 dollar (10,2 manat) təşkil edib.
Məlumat üçün qeyd edək ki, bu dövrdə təbii bal ən aşağı qiymətə Ukrayna və Rusiyadan, ən baha qiymətə isə Böyük Britaniyadan idxal edilib. Ukrayna və Rusiyadan gətirilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri 5 dollar (8,5 manat), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından gətirilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri isə 31 dollar (52,7 manat) olub.
Burada diqqəti çəkən məqam odur ki, idxal olunan təbii balın Azərbaycanda pərakəndə satış qiyməti bu ilin aprel ayında 38,6 manat olub. Bu isə o deməkdir ki, idxal olunan təbii bal marketlərdə gömrük dəyərindən 3,8 dəfə baha satılıb. Bir sözlə, xaricdən 10 manata gətirilən təbii balın marketlərdə 39 manata satılmasının hansısa iqtisadi əsası varmı? Üstəlik, Azərbaycanın özü bal istehsalçısı ola-ola...
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında belə vəziyyətin yaranmasını bir sıra amillərlə əlaqələndirdi: “Gömrük dəyəri ilə pərakəndə satış qiymətini eyniləşdirmək düzgün olmasa da, aradakı fərqin təxminən 3,8 dəfə olması adi iqtisadi məntiqlə izah ediləcək səviyyədə görünmür. Daşınma, sığorta, gömrük rüsumları, ƏDV, anbar, logistika, market xərcləri və mənfəət marjası məhsulun qiymətini müəyyən qədər artırır. Lakin bütün bu xərclərin birlikdə məhsulun qiymətini 280-300 faiz bahalaşdırması normal bazar praktikası hesab edilə bilməz. Üstəlik, söhbət ekzotik və ya xüsusi saxlanma şəraiti tələb edən məhsuldan deyil, Azərbaycanın özünün də kifayət qədər istehsal etdiyi təbii baldan gedir. Belə olan halda idxal balının gömrük dəyəri ilə market qiyməti arasındakı bu qədər böyük fərq bazarda formalaşan qiymət siyasəti, vasitəçilərin yüksək marjası və rəqabət mühitinin vəziyyəti ilə bağlı haqlı suallar yaradır.
Eyni zamanda nəzərə almaq lazımdır ki, açıqlanan 10,2 manat gömrük dəyəri bütün idxal olunan balın orta göstəricisidir, 38,6 manat isə pərakəndə satışın orta qiymətidir. Bu səbəbdən fərqin dəqiq səbəbini yalnız bu rəqəmlərlə müəyyən etmək mümkün deyil. Ancaq mövcud göstəricilər qiymət artımının əsaslı olub-olmaması barədə ciddi araşdırma aparılması üçün kifayət qədər əsas yaradır”.
Vidadi ORDAHALLI