Hörmüz boğazı ətrafındakı qeyri-sabit vəziyyət fonunda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həm ikitərəfli ticarətin təmin edilməsi, həm də İranın zəruri mallarla sabit tədarükünün təmin edilməsi baxımından daha da vacib hala gəlir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, İranla qonşu olan digər dövlətlər də Beynəlxalq Ticarət Mərkəzinə maraq göstərirlər.
Zaxarova, həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinə də toxunub. O, hərbi və siyasi vəziyyət imkan verən kimi gələcək marşrut üçün mühəndislik tədqiqatlarının bərpa olunduğunu qeyd edib: "Dəmir yolu tikintisi layihəsinin maliyyələşdirilməsi üçün kredit xətti dondurulmayıb. Moskva icra müqaviləsinin imzalanmasını və ərazidə praktiki işlərə tez bir zamanda başlamaq üçün bir sıra texniki məsələlərin həllini gözləyir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindəki iranlı tərəfdaşlarımızın artan marağını görürük".
Daha əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, bölgədəki hərbi əməliyyatlar İran və Rusiya arasında əsas infrastruktur layihələrindən birinin - Rəşt-Astara dəmir yolunun tikintisinin həyata keçirilməsini gecikdirib. Bu hissə İran və Rusiyanı dəmir yolu, avtomobil və dəniz yolları şəbəkəsi vasitəsilə birləşdirən Şimal-Cənub dəhlizində mühüm halqa hesab olunur. Onun istifadəyə verilməsinin nəqliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağı və yüklərin çatdırılma müddətini azaldacağı gözlənilir.
Xatırladaq ki, Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı beynəlxalq müqavilə 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda imzalanıb. Layihə Baltik regionunu İran və Rusiya vasitəsilə Hindistanla birləşdirən təxminən 7200 kilometr uzunluğunda nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur. Dəhlizin gücü ildə 20-30 milyon ton yük təşkil edir.
Ramil QULİYEV