Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.
Şəmkir şəhərində yerləşən Mədəniyyət evində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müavini İlham Bayramov, aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edirlər.
Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritet istiqamətləri, aqrar sahədə tətbiqi nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə məsələləri, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət dəstəyi alətləri və digər aktual mövzular müzakirə olunur.
Bildirilib ki, Dövlət Proqramının icrası üzrə regional müzakirələrə iyunun 12-də Dağlıq Şirvan iqtisadi rayonu üzrə İsmayıllıda keçirilən müşavirə ilə start verilib.
Qeyd edək ki, regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonları əhatə edir. Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, operativ və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə mərhələli şəkildə təşkil edilir.