Vüqar Bayramov: “Fərman birmənalı şəkildə kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacib addımdır”
Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının dəstəklənməsi ilə bağlı yeni Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər.
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiyanı rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyəcək. İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən ediləcək. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödəniləcək.
Maraqlıdır, bu fərman konkret olaraq qeyri-neft məhsullarının istehsalının artmasında praktiki olaraq özünü necə göstərəcək?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun dəstəklənməsi ölkədə həyata keçirilən prioritet istiqamətlərdən biridir: “Xüsusən nəzərə almaq lazımdır ki, bu istiqamətdə həm yeni sənədlərin imzalanması, həm də konkret dəstək tədbirlərin nümayiş etdirilməsi reallaşır. Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı ölkə iqtisadiyyatında həyata keçirilən islahatlara toxundu. Son fərman da bir daha təsdiq edir ki, bu istiqamətdə dəstək daha da genişlənir. Burada xüsusən mikro və kiçik sahibkarlar məhsul ixrac etdikləri zaman ödədikləri gömrük rüsumlarının bir hissəsini geri almaq imkanına malik olacaqlar. Yəni həmin sahibkarlar tərəfindən ödənilən vəsaitin bir hissəsi dövlət büdcəsindən sahibkarların hesabına qaytarılacaq və birbaşa kompensasiya ediləcək. Bu da təbii ki, bir tərəfdən həmin məhsulların ixracatının dəstəklənməsi baxımından vacibdir. Eyni zamanda, ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Digər tərəfdən bu, birbaşa mikro və kiçik sahibkarların dövlət tərəfindən dəstəklənməsi prosesinin genişlənməsinə səbəb olacaq. O baxımdan fərman birmənalı şəkildə kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacib addımlardan hesab olunur”.
Vidadi ORDAHALLI