Müasir dövrdə ölkələrin davamlı inkişafı yalnız paytaxt və iri şəhərlərin inkişafı ilə məhdudlaşmır. İqtisadi tərəqqinin bütün bölgələri əhatə etməsi üçün regionlarda iş yerlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Regionların iqtisadi potensialının artırılması, əhalinin rifahının yüksəldilməsi və sosial bərabərliyin təmin olunması baxımından yeni məşğulluq imkanlarının formalaşdırılması vacib məsələlərdən biridir. Bu istiqmaətdə hökumət mühüm addımlardan birini atır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da faktı təsdiq edir. O qeyd edir ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" regionlarda iş yerlərinin yaradılmasına yönəlib.
Nazir Dövlət Proqramının insanların regionda qalmasına xidmət edəcəyini vurğulayıb: "Bir məqamı da başa düşürük ki, urbanizasiya nəticəsində rayonlarda, kəndlərdə işçi qüvvəsinin azalması prosesi də gedir və bunun da əsas həll yolu kənd təsərrüfatında mexanizmlərin genişlənməsinə nail olmaqdır. Müasir suvarmanın, yeni texnikaların, texnologiyaların tətbiqi, dərmanlama avadanlıqlarının, müxtəlif cihazların və qoşquların tətbiqinin genişləndirilməsi, əlbəttə ki, buradakı şərtlərdən biri olacaq". İlk növbədə, regionlarda iş yerlərinin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət edir. İşsizlik hər bir cəmiyyət üçün ciddi sosial və iqtisadi problemlər yaradır. İnsanların daimi gəlir mənbəyinin olmaması yoxsulluğun artmasına, sosial gərginliyin yaranmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Regionlarda yeni müəssisələrin, fabriklərin, xidmət sahələrinin və kənd təsərrüfatı layihələrinin yaradılması minlərlə insanın işlə təmin olunmasına imkan verir. Regionlarda iş yerlərinin yaradılmasının digər mühüm əhəmiyyəti daxili miqrasiyanın qarşısının alınmasıdır. İş imkanlarının əsasən böyük şəhərlərdə cəmləşməsi insanların yaşayış yerlərini tərk edərək həmin şəhərlərə köç etməsinə səbəb olur. Bu isə həm regionların əhalisinin azalmasına, həm də şəhərlərdə həddindən artıq sıxlığın yaranmasına gətirib çıxarır. Yeni iş yerləri regionlarda yaradıldıqda insanlar doğulduqları və yaşadıqları ərazilərdə qalmağa üstünlük verirlər. Beləliklə, əhalinin bölgələr üzrə balanslı yerləşməsi təmin edilir və şəhərlərin infrastrukturuna düşən yük azalır. İş yerlərinin yaradılması regionların iqtisadi inkişafını da sürətləndirir. Hər bir yeni müəssisə yalnız birbaşa məşğulluq yaratmır, həm də digər sahələrin inkişafına təkan verir. Məsələn, istehsal müəssisəsinin fəaliyyətə başlaması nəqliyyat, logistika, ticarət və xidmət sektorlarında əlavə iş imkanları yaradır. Bu proses iqtisadi dövriyyənin genişlənməsinə, vergi daxilolmalarının artmasına və yerli büdcələrin güclənməsinə səbəb olur. Nəticədə regionların öz iqtisadi potensialından daha səmərəli istifadə etməsi mümkün olur.
Ramil QULİYEV