Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Ermənistan mallarının Avropa İttifaqı bazarına çıxışını genişləndirmək üçün təcili tədbirlər paketi hazırlayır.
“Financial Times” qəzetinin Brüsseldəki mənbələrə istinadən yaydığı məlumata görə, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı ixracına tarifləri azaldacaq muxtar ticarət tədbirləri hazırlayır.
Avropa Komissiyasının sözçüsü Olof Gill qəzetə bildirib ki, yeni tədbirlər daha çox Ermənistan şirkətinin Avropa bazarına daxil olmasına kömək etməli və məhdudiyyətlərdən ən çox zərər çəkən iqtisadiyyat sektorlarını dəstəkləməlidir.
Qəzetin mənbələrindən biri qeyd edib ki, Avropa İttifaqı "Ermənistan üçün etibarlı iqtisadi tərəfdaş olmağa hazır olduğunu nümayiş etdirmək niyyətindədir". Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edəcək təşəbbüs, ildə təxminən 420 milyon avro dəyərində təxminən 20 məhsul kateqoriyasının əksəriyyətinə təsir göstərə bilər.
Eyni zamanda, bir sıra Ermənistan ixrac malları Aİ daxilində suallar doğurur. Bu, xüsusilə Ermənistanın əsas ixrac məhsullarından biri olan konyak üçün keçərlidir, çünki bu seqmentin Fransa üçün həssaslığı nəzərə alınır. Digər bir problem dənizə çıxışı olmayan ölkədən Türkiyə və ya Gürcüstan vasitəsilə tez xarab olan məhsulların daşınması məsələsidir.
Qeyd edək ki, may ayından bəri “Rosselxoznadzor” Ermənistandan məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Tahir TAĞIYEV