Strateji valyuta ehtiyatlarımız bu günə artıq 88,4 milyard dollara çatıb. Bu da xarici dövlət borcunu 19,2 dəfə, ümumi daxili məhsulu isə təqribən 15 faiz üstələyir.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.
O bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transfer ötən il proqnoz səviyyəsində 8,5 milyard dollar məbləğində icra olunub. Artıq 2026-cı il büdcəsinin təqdimatı zamanı, 2026-cı və növbəti üç il üzrə proqnozlarda bu rəqəmlərin azaldılaraq 6 milyard dollara qədər çatdırılması planlaşdırılır. Büdcə profitsitlə icra edilib.
“Büdcənin icrasında əsas məqamlara baxdıqda, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faizə çatıb. Bu, proqnozdan 7,5 faiz bənd daha çoxdur və 2029-cu ilə hədəfimiz bu rəqəmi 100 faizə çatdırmaqdır. Çünki bilirsiniz, cari xərclər qorunan xərclərdir və qeyri-neft gəlirləri ilə biz bütün cari xərclərimizin örtülməsini tam şəkildə təmin etdiyimiz zaman, əlbəttə ki, dayanıqlığımızı daha da gücləndirəcəyik”, - deyə nazir vurğulayıb.