Fuad İbrahimov: “Problem ondadır ki, iqtisadiyyatı tam liberallaşdıra bilmirik, hələ də yersiz müdaxilələr var”
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb. AYİB-nin dəyərləndirməsinə görə, bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq.
Bankın son qiymətləndirməsinə görə, region iqtisadiyyatı 2026-cı ildə 2,8 faiz artacaq ki, bu da əvvəlki proqnozdan 0,1 faiz bəndi azdır. Bununla belə, 2027-ci il üçün artım proqnozu dəyişməz saxlanılaraq 3,9% səviyyəsində qiymətləndirilib. Region ölkələri arasında ən yüksək iqtisadi artımın Gürcüstanda, ən zəif iqtisadi artımın isə Azərbaycanda qeydə alınacağı gözlənilir. 2026-cı ildə ölkələr üzrə iqtisadi artım proqnozları belədir: Gürcüstan – 6% (+0,5 faiz bəndi); Ermənistan – 5,5% (dəyişməyib); Türkiyə – 3,5% (-0,5 faiz bəndi); Moldova – 2,8% (-0,2 faiz bəndi); Ukrayna – 2,2% (-0,3 faiz bəndi); Azərbaycan – 2% (dəyişməyib).
Niyə Azərbaycan belə geridir? Bu proqnozun ciddi əsası varmı?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov baki-xeber.com-a açıqlamasında bildirdi ki, AYİB-in proqnoz göstəricilərini aşağı salması faktiki göstərici deyil: “Digər tərəfdən iqtisadi artımın nə olması müəyyən edilməlidir. Ölkədə müəyyən dövr ərzində xidmət və istehsalın həcmindən söhbət gedir. Yəni ümum daxili məhsul nə qədər artıb. Yəni sözügedən göstəricilərlə bağlı müəyyən proqnozlar verilir. Bəli, ümumilikdə bu temp bizdə digər ölkələrlə müqayisədə aşağıdır. Ancaq bunun da müxtəlif səbəbləri var. Səbəb onunla bağlıdır ki, Azərbaycan iqtisadiyyatında neft amilinin çəkisi böyükdür. Məsələ ondadır ki, müəyyən müddətdən sonra neft hasilatı azalır. Elə vaxt olur ki, qiymətlər də aşağı düşür. Bütün bunlar ÜDM-yə öz təsirini göstərir. Bu göstəricilərin hamısı Azərbaycanda iqtisadi inkişaf tempinin aşağı düşməsinə öz təsirini göstərir. Bir müddət Ermənistanda yüksək iqtisadi artım Rusiyanın sanksiyalardan yayınmasında iştirak hesabına olub. Necə ki, Paşinyan hakimiyyətinə təzyiqlər artdı Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi iki dəfəyədək azaldı. Başqa bir tərəfdən AYİB-nin dəyərləndirməsi hansısa rəqəmlərə əsaslana bilər, amma reallıq fərqli ola bilər. Ancaq hər bir halda inkişaf tempindən söhbət gedirsə, biz vaxtı səmərəli istifadə edə bilmirik. Həqiqətən də bu sahədə bir sıra problemlər var. Problem ondadır ki, iqtisadiyyatı tam liberallaşdıra bilmirik. Hələ də bürokratik maneələr, iqtisadiyyata yersiz müdaxilələr var. Azərbaycanı iqtisadi olaraq region ölkələri arasında geri salan başlıca faktorlardan biri də budur. Sahibkarlar hələ də əziyyət çəkirlər. Bu səbəbdən iş adamlarımız kapitalı ölkə daxilində yox, qonşu ölkələrə qoyurlar. Hesab edirəm ki, bu problemlər ortadan qaldırılmalıdır. Çünki inkişaf dinamikasına təsir edir”.
Vidadi ORDAHALLI