Xalid Kərimli: “Qazımızın real alıcısı olduğu üçün bazar qiymətlərinə satır və xaricdə hansısa anbara ehtiyac yoxdur”
Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib. Bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə birgə layihələr sayəsində enerji resurslarının etibarlı tədarükçüsü kimi öz mövqelərini möhkəmləndirəcək: “Ukrayna artıq Avropanın yenilənmiş qaz xəritəsinin, o cümlədən Xəzər dənizindən hasil edilən qazın Avropanın enerji çatışmazlığı olan regionlarına çata biləcəyi Trans-Balkan marşrutunun bir hissəsinə çevrilib. Bu dəhliz vasitəsilə Azərbaycan qazının ilk sınaq tədarükləri isə bu konsepsiyanın reallığa çevrildiyini nümayiş etdirib. Bundan əlavə, Ukrayna qitədə ümumi tutumu təxminən 30 milyard kubmetr olan ən böyük yeraltı qaz anbarlarına malikdir. Azərbaycan etibarlı tədarükçü kimi öz nüfuzunu möhkəmləndirəcək. Ukrayna əsas tranzit və xidmət habı statusunu gücləndirəcək. Avropa isə sabit alternativ enerji mənbələri əldə edəcək”.
Ümumilikdə, Azərbaycanın Ukraynanın qaz anbarlarından istifadəsi, bu, təklifin reallaşması nə dərəcədə realdır?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın Ukraynanın qaz anbarlarından istifadə etməsi real deyil: “Bu, real deyil və daha çox siyasi bəyanatlardır. Ona görə ki, Azərbaycanın qazını idxal edən ölkələr var. Məsələ ondadır ki, bu gün Azərbaycan Cənub Qaz Dəhlizindən tam gücü ilə istifadə edərək 16 ölkəyə qaz ixrac edir. Hətta Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdədir ki, ixrac edilən qazın həcmi artırılsın. Söhbət ondan gedir ki, Azərbaycan qazının real alıcıları var. Yəni qazımız bazarda realizə edilir. Belə olduğu təqdirdə qazın Ukraynada anbarlara yığılmasının nə mənası var? Başqa bir tərəfdən Azərbaycanın Ukraynada yerləşən qaz anbarlarına çıxışı yoxdur. Nəzərə almaq lazımdır ki, bizim Ukrayna ilə əlaqələrimiz əvvəllər əsasən Rusiya infrastrukturu üzərindən olub. İndi iki ölkə arasında müharibə getdiyi üçün Ukrayna ilə Rusiya üzərindən əlaqə mövcud deyil. Üstəlik, Azərbaycanın qazı Türkmənistan qədər böyük deyil ki, bir hissəsi də Ukraynadakı anbarlara vurulsun. Azərbaycan qazının real alıcısı olduğu üçün onu bazar qiymətlərinə satır və xaricdə hansısa anbara ehtiyac yoxdur. Çünki nə əlavə qazımız var, nə də onu yığmağa xüsusi anbara ehtiyac var”.
Vidadi ORDAHALLI