Vüqar Bayramov: “Bunun üçün Xəzərin dibi ilə qaz xəttinin çəkilməsinə və Qərbin hərtərəfli dəstək verməsinə ehtiyac var”
Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı Türkmənistan qazı ilə bağlı diqqəti çəkən bir məqama eyham vurdu:
“Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik”.
O da məlumdur ki, Mərkəzi Asiya ölkələri olduqca böyük və zəngin enerji resurslarına malikdirlər. Ancaq illərdir həmin ehtiyatların böyük hissəsini Avropa bazarına, digər ölkələrə çıxara bilmirlər. Bu baxımdan Azərbaycan sözügedən ölkələr üçün mühüm körpü ola bilər.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”unun rəsmi açılışı zamanı qeyd etdiyi kimi, Azərbaycan Xəzərin şərq hissəsində yerləşən, strateji əməkdaşlığa malik olduğu dövlətlərlə həm də enerji sahəsində əməkdaşlığı dərinləşdirir: “Nəzərə almaq lazımdır ki, həmin ölkələr Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Üzv ölkələr arasında strateji münasibətlər var və bu münasibətlər enerji, xüsusən də innovativ enerji sahəsində əməkdaşlığı gücləndirməyə imkan yaradır. Eyni zamanda Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması da əsas istiqamətlərdən biridir. Xüsusən də Türkmənistanın zəngin qaz ehtiyatlarının Azərbaycan üzərindən Avropaya ixrac edilməsi əsas müzakirə edilən məsələlərdən biridir. Bunun üçün Xəzərin dibi ilə qaz xəttinin çəkilməsinə və buna Qərbin hərtərəfli dəstək verməsinə ehtiyac var. Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli həyata keçirilir. İndi gündəmdə olan məsələ bunun həcminin daha da artırılmasıdır. Bununla bağlı Azərbaycanla Qazaxıstan arasında iş gedir. Azərbaycan praktik olaraq Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır. Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi bir daha təsdiq edir ki, birmənalı şəkildə Mərkəzi Asiya dövlətləri ilə Qərb arasında əməkdaşlığın genişlənməsində yalnız enerji deyil, digər sektorlarda da ölkəmizin xüsusi töhfəsi var”.
Vidadi ORDAHALLI