Azərbaycan təbii qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab edilir. Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf “Bakı Enerji Forumu”nun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında çıxışı zamanı deyib.
“Bizim əsas prioritetimiz region üzrə müştərilərimizi dayanıqlı və etibarlı şəkildə enerji ilə təmin etmək, eyni zamanda, regional enerji təhlükəsizliyinə töhfə verməkdir. Bu, şirkət olaraq fəaliyyətimizin əsas fəlsəfəsidir, dəyişməyib və gələcəkdə də dəyişməyəcək. Əsas məsələ ondan ibarətdir ki, biz bu təchizatlara daha çox necə töhfə verə və regionun enerji təhlükəsizliyini daha da gücləndirə bilərik. Ötən illə müqayisədə bu il təchizat coğrafiyamız haqqında danışarkən artıq təkcə Avropa, Gürcüstan və Türkiyəni nəzərdə tutmuruq. Bu siyahıya Suriya da əlavə olunub. Bu isə o deməkdir ki, Azərbaycan artıq Suriya bazarına da qaz tədarük edir”, - deyə o qeyd edib.
SOCAR-ın prezidenti bildirib ki, hazırkı şəraitdə tərəfdaşlarımız daha çox qaz həcmlərinə ehtiyac duyurlar, lakin bu təchizatın dayanıqlı və etibarlı şəkildə həyata keçirilməsi də eyni dərəcədə vacibdir. Mövcud şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur. İndi bizim və tərəfdaşlarımızın qarşısında duran vəzifə istehsal planlarının nəzərdə tutulmuş proqramlara uyğun şəkildə irəliləməsini təmin etməkdir. Bu, regiondakı tərəfdaşlarımıza daha çox qaz həcmlərinin çatdırılmasına imkan verəcək.