Son beş il ərzində heyvanların sayında azalma, bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Nazir vurğulayıb ki, artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artıb.
“Bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5 faiz təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi şəkildə artırmağa şərait yaratmır.
Bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da biz həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini görürük. Son beş ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq”, - deyə M.Məmmədov qeyd edib.