Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalıb. Dörd ay ərzində ölkəyə dünyanın 175 dövlətindən 658.5 min xarici və vətəndaşlığı olmayan şəxs səfər edib. Gələnlərin 26.7 faizi Rusiya, 22.4 faizi Türkiyə, 8.7 faizi İran, 5.3 faizi Gürcüstan vətəndaşları olub.
Əsas azalma Körfəz ölkələrindən gələnlərin sayında qeydə alınıb – bu istiqamətdə geriləmə 27.8 faiz təşkil edir. Bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması Körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib. Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib. Turistlərin azalması xaricdən valyuta daxilolmalarına təsir göstərir. Baxmayaraq ki, neftin qiymətinin bahalaşmasına görə xaricdən valyuta daxilolmaları ölkəmizə gəlməkdədir, lakin turizm sektorunda durğunluğun olması iş mühitinə, iqtisadi canlanmaya mənfi təsir göstərir. Quru sərhədlərinin bağlı olması turist axınını səngidir. Məlumdur ki, son dönəmdə turistlər səyahətlərə daha çox üstünlük verirlər. Səyahət üçün də quru yolla hərəkət daha maraqlı olur. Bu mənada quru sərhədlərimizin bağlı olması səyyahların ölkəmizə gəlməsinə imkan vermir. Bu isə turizm sektorunun inkişafında yeni çağırışları daha da aktuallaşdırır.
Ramil QULİYEV