Vüqar Bayramov: "Prioritet yalnız yerli tələbin qarşılanması deyil, həm də daha çox istehsal edib, daha çox ixrac etmək olmalıdır"
Baş nazir aşağı oktan ədədli benzin və dizel yanacağının aksiz vergisini 1 manata endirdi, gömrük rüsumunu isə sıfırladı. Son beş ildə neftayırma zavoduna milyardlarla investisiya qoyulmasına baxmayaraq, nəyə görə biz, Aİ-95-i demirəm, heç olmasa aşağı oktan ədədli benzin və dizel yanacağını belə idxal etmək məcburiyyətindəyik? Heydər Əliyev adına NEZ modernləşdirilsə də, zavodun istehsal gücü daxili tələbatı ödəmirsə və ya texnoloji problemlər səbəbindən keyfiyyətli məhsul alınmırsa, bu qədər xərcin məntiqi nədir? Digər tərəfdən, neft hasilatı artıq azalmağa başlayıb, “Azəri-Çıraq-Günəşli”də pik hədd keçilib və hər il təxminən 5-6 milyon ton azalma gedir. Xam neft ixracı getdikcə azaldığı halda, Azərbaycan xam neft satmaq əvəzinə benzin, dizel, aviakerosin, bitum kimi emal məhsulları ixrac edən ölkəyə çevrilsə daha çox qazanmazmı? Əgər emal daha sərfəlidirsə, biz niyə hələ də hazır neft məhsulu idxal edirik, problem emal gücünün çatmamasıdır, maya dəyərinin yüksək olmasıdır, yoxsa bazar şərtləri uyğun deyil?
Məsələn, Hindistan rus neftini idxal edərək milyon tonlarla neft məhsulları sataraq dövlət büdcədinə əhəmiyyətli töhfə verir.
Məsələyə münasibət bildirən iqtisadçı deputat Vüqar Bayramov "Bakı-Xəbər" qəzetinə açıqlamasında deyib ki, yanacaq da daxil olmaqla bir sıra məhsulların idxalı praktiki olaraq əksər ölkələrdə həyata keçirilir, hətta bir çox xam neft ixrac edən ölkələrdə belə yanacaq idxalı müşahidə edilir: "Nazirlər Kabineti tərəfindən aksiz vergisinin 1 manata endirilməsi və gömrük rüsumunun sıfırlanması istehsalla bağlıdır. Biz əslində diqqət edirik ki, Nazirlər Kabineti həm aksiz vergisinə, həm də rüsumlara tez-tez yenidən baxır və dəyişikliklər edir. Xüsusilə də modernləşdirmə həyata keçirilən zaman yanacaq istehsalında azalmalar baş verir, o halda idxal təşviq edilir. İstehsal yenidən tam bərpa edildikdən sonra rüsumlar və vergilər bərpa edilir. Bu, müddətli tətbiq edilən dəyişikliklərdir."
İqtisadçı onu da vurğulayıb ki, daha məqsədəuyğun olardı ki, Azərbaycan neft məhsullarına olan tələbatını, xüsusilə də Avro-5 standartlarına uyğun istehsal edilmiş neft məhsullarına olan daxili tələbatı daxili imkanlar hesabına ödəyə bilsin: "Şübhəsiz ki, idxal məhsullarına da istehlakçıların tələbi ola bilər, amma istehsalın artırılması və Avro-5 standartlarına uyğun yanacaq ixracını reallaşdırmaq bir hədəf olmalıdır. Prioritet də ondan ibarət olmalıdır ki, yalnız yerli tələbin qarşılanması deyil, həm də daha çox istehsal edib, daha çox ixrac etmək mümkün olsun."
Akif NƏSİRLİ