ABŞ-İran-İsrail münaqişəsindən qaynaqlanan enerji böhranı Hörmüz boğazı böhranı ilə daha da ağırlaşıb. Cümə günü İranın Hörmüz boğazını yenidən açması ilə yenidən doğan ümidlər cəmi 19 saat çəkdi, İran şənbə günü boğazı yenidən bağladı. Artıq enerji böhranı və yanacağın kəskin şəkildə bahalaşması ilə üzləşən ölkələr tədbirlərini artırarkən, Avropadan maraqlı bir təklif gəlib.
"Politico" yazır ki, Avropa Komissiyası tərəfindən bu həftə təqdim edilməsi gözlənilən fövqəladə enerji paketinin layihəsində istehlakın azaldılması üçün geniş tədbirlərin görülməsi nəzərdə tutulur. Layihədə deyilir ki, Avropa getdikcə daha tez-tez baş verən enerji şoklarına qarşı risk edə bilməz.
Təklifin mərkəzində isə gündəlik vərdişlərlə bağlı praktik tövsiyələr dayanır. Bunlara yanacaq sərfiyyatını azaltmaq üçün eko-sürücülük üzrə maarifləndirmə və təlimlərin keçirilməsi, eləcə də şəhərlərdə avtomobilsiz günlərin təşkili, velosiped yollarının genişləndirilməsi, çatdırılma üçün yük motosikletlərinin təşviqi və şirkətlər üçün işgüzar hava səyahətlərinin məcburi məhdudlaşdırılması daxildir.
Hökumətlərdən həmçinin həftədə ən azı bir gün məsafədən işləməyi təşviq etmək, ictimai nəqliyyatda gediş haqqını azaltmaq və ya bəzi istifadəçilər üçün pulsuz etmək, eləcə də insanların şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinin qarşısını almaq istənir. Digər təkliflər arasında yanacağa qənaət etmək üçün yük gəmilərinin sürətlərini azaltması, ictimai və kommersiya binalarında qazan temperaturlarını aşağı salmaları və ya kondisioner parametrlərini dəyişdirmələri yer alır.
Aİ-nin Enerji Komissarı Dan Yørqensen mart ayının sonunda avropalıları evdən işləməyə və səyahətləri azaltmağa çağırmışdı.
Tahir TAĞIYEV