Vüqar Bayramov: “Daha çox xərcləmələr maliyyə ilinin ikinci yarısına və xüsusən də dördüncü rübünə təsadüf edir”
Bu ilin ilk üç ayında Azərbaycanın dövlət büdcəsində müsbət göstəricilər qeydə alınıb.
Belə ki, yanvar-mart aylarında büdcə gəlirləri 9 milyard 599 milyon manat olub. Bu rəqəm əvvəlcədən gözləniləndən təxminən 459 milyon manat və ya 5 faiz çoxdur. Eyni dövrdə dövlət xərcləri isə planlaşdırılan 8 milyard manata yaxın məbləğə qarşı 7 milyard 817 milyon manat icra olunub. Yəni xərclərin yerinə yetirilməsi 97,6 faiz təşkil edib. Ümumilikdə, icmal büdcənin gəlirləri 8 milyard 852 milyon manat, xərcləri isə 9 milyard 43 milyon manat olub.
Belə görünür ki, son bir ayda neftin kəskin bahalaşması Azərbaycan iqtisadiyyatında müsbət yöndə özünü göstərməkdədir. Maraqlıdır, bəs dövlət gəlirləri artdığı halda xərclər niyə azalıb? Niyə eyni dövrdə dövlət xərcləri planlaşdırılan 8 milyard manata yaxın məbləğə qarşı 7 milyard 817 milyon manat icra olunub?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, büdcə gəlirlərinin artması həm dünya bazar qiymətinin artması, həm də qeyri-neft sektorundan daxilolmalarla əlaqədardır: “Praktik olaraq biz son illər qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artmasını müşahidə edirik. Bu da büdcədə profisitin yaranmasına və daha çox vəsaitin dövlət büdcəsinə daxil olmasına imkan yaradır. Xərclərə gəldikdə isə, xərclər rüblər üzrə planlaşdırılır və proqnozlaşdırılır. Nəzərə almaq lazımdır ki, əvvəlki illərdə bir sıra xərclərin və xüsusən də dövlət satınalmalarının ayrılması üçün həm tenderin keçirilməsi, həm bununla bağlı zaman tələb edən prosedurların həyata keçirilməsinə ehtiyac olur. Bu da nəticə etibarı ilə ilin əvvəlində daha az xərcləməyə gətirib çıxarır. Əslində xərcləmələrin az olması birbaşa büdcə ayırmalarının fəlsəfəsi, eyni zamanda bir sıra büdcə ayırmalarının zaman tələb etməsi ilə bağlıdır. Əvvəlki illərdə də biz ilin ikinci yarısında daha çox xərcləmələrin olmasını müşahidə etmişik. Ona görə də belə baxanda oxşar tendensiya bu il də müşahidə olunacaq. Ancaq proseduraların elektronlaşması növbəti illərdə məhz bu fərqin aradan qaldırılmasına gətirib çıxara bilər. Lakin hələlik daha çox xərcləmələr maliyyə ilinin ikinci yarısına və xüsusən də dördüncü rübünə təsadüf edir”.
Vidadi ORDAHALLI