Xaqani Cəfərli: “ABŞ hərbi bazalarını bölgə ölkələrindən çıxarmayacaq”
İran ABŞ-a müharibənin başa çatdırılması üçün 10 maddəlik plan təqdim edib. İranın ABŞ-a təqdim etdiyi 10 maddəlik planın şərtlərdən biri odur ki, ABŞ ərəb ölkələrindəki hərbi bazaları çıxarmalıdır. Amerika buna gedəcək? Hərbi bazalarını ərəb ölkələrindən çıxaracaqmı? Çıxarmayacağı təqdirdə razılaşmanın taleyi necə olacaq?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, İrana qarşı müharibədə elan olunan atəşkəs çox kövrəkdir: “İstənilən an hərbi əməliyyatlar yenidən başlaya bilər. Buna görə də İran maksimalist mövqedən çəkinməlidir. ABŞ-ın bölgə ölkələrindən hərbi bazaları çıxarmağı tələb etməsi Rusiyanın 2021-ci ilin dekabrında NATO-ya və ABŞ-a qarşı irəli sürdüyü tələblərə oxşayır. Nüvə və enerji gücü olan Rusiyanın tələbləri qəbul edilmədiyi kimi İranın da tələbləri qəbul edilməyəcək. Bunu İranın özündə də bilirlər. Sadəcə təbliğat üçün belə addımlara ehtiyac var.
ABŞ hərbi bazalarını bölgə ölkələrindən çıxarmayacaq və İran növbəti hərbi müdaxilə ilə üzləşmək istəmirsə, bununla razılaşacaq”.
X.Cəfərli hesab edir ki, əks halda fasilə verilmiş hərbi əməliyatlar yenidən başlayacaq və bu dəfə daha dağıdıcı olacaq.
İradə SARIYEVA