İsrailin Livana hücumları və ABŞ-ın məsələ ilə bağlı mövqeyi Tehran administrasiyasının sərt reaksiyasına səbəb olub. Ən son ABŞ-ın vitse-prezidenti Vens İsrailin Livana hücumlarının İranla müvəqqəti atəşkəsin bir hissəsi olmadığını deyib.
Jurnalistlərin İsrailin Livana davamlı hücumlarının İranla müvəqqəti atəşkəsi pozub-pozmadığı sualına Vens "Biz heç vaxt belə bir vəd verməmişik. Bunun belə olacağına dair heç bir işarə verməmişik" cavabını verib.
Vens qeyd edib ki, ABŞ belə bir "öhdəlik" götürməməsinə rəğmən, İran bu danışıqların Livan üzündən pozulmasını istəyirsə, bu, Tehranın qərarı olacaq: "Biz bunun axmaqlıq olacağını düşünürük, amma bu, onların seçimidir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə sosial media hesabında Ağ Evin sözçüsü Karolin Livittin keçirdiyi mətbuat konfransının görüntüsünü paylaşıb. Bekayi onun İran və ABŞ arasında atəşkəs razılaşmasının Livanı əhatə etmədiyinə dair açıqlamasını tənqid edib: "Əgər bu, ABŞ-ın verdiyi sözdən geri çəkilməsinin başqa bir nümunəsi deyilsə, bəs nədir?".
Eyni paylaşımda Bekayi Pakistanın Baş naziri Şahbaz Şərifin tərəflər arasında əldə edilən atəşkəsi elan edən açıqlamasını da paylaşıb. Şərifin açıqlamasında tərəflərin Livan da daxil olmaqla bütün ərazilərdə dərhal atəşkəs barədə razılığa gəldiyi vurğulanıb.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçi da Livana hücumlara son qoyulmasına çağırıb. İran mediası isə Livana hücumlar dayandırılmayacağı halda Tehran administrasiyasının atəşkəs prosesindən geri çəkilə biləcəyini yazıb.
Tahir TAĞIYEV