Ukrayna Prezidenti Zelenski Yaxın Şərqdə ABŞ-la İran arasında atəşkəsə diqqət çəkərək Rusiyanı da oxşar addım atmağa çağırdı.
Telegram hesabı üzərindən açıqlama verən Zelenski atəşkəsin müharibənin sona çatması istiqamətində müsbət bir addım olduğunu vurğulayıb: “Atəşkəs insanların həyatını qoruyur, şəhər və kəndlərin dağıdılmasının qarşısını alır və elektrik stansiyalarının və digər infrastrukturun normal fəaliyyət göstərməsinə imkan verir. Bu, diplomatiyanın nəticə verməsi üçün lazımi vaxt və şərait yaradır”.
Zelenski ABŞ-ın diplomatik səylərinin bu prosesdə oynadığı mühüm rolu da qeyd edib. O, həmçinin bildirib ki, Ukrayna hərbi ekspert qrupları münaqişə bitdikdən sonra da Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə davam edəcəklər.
Qlobal təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayan Zelenski əlavə edib ki, Ukrayna bu məqsədə doğru bütün beynəlxalq tərəfdaşları ilə konstruktiv əməkdaşlığı davam etdirəcək.
Tahir TAĞIYEV