ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dünyada daha yüksək inflyasiyaya və iqtisadi artımın azalmasına səbəb ola bilər. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişə tezliklə başa çatsa belə, BVF qlobal makroiqtisadi proqnozlarını aşağı salmağı planlaşdırır: “Hazırda bütün yollar daha yüksək qiymətlərə və daha aşağı iqtisadi artıma aparır. Müharibə bu gün bitsə belə, dünya uzun müddət onun mənfi nəticələrini hiss edəcək”. Georgieva bildirib ki, enerji ehtiyatları olmayan kasıb və həssas ölkələr bu vəziyyətdən daha çox zərər görəcək. Onun sözlərinə görə, bir çox ölkələrin artan qiymətlərlə mübarizə aparmaq və vətəndaşlarına dəstək vermək üçün kifayət qədər maliyyə imkanları yoxdur. BVF rəhbəri bəzi dövlətlərin artıq maliyyə yardımı üçün müraciət etdiyini, lakin onların adlarını açıqlamadığını qeyd edib. Aprelin əvvəlində BVF, Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi də İrana edilən hücumların artıq qlobal iqtisadi təsirlər yaratdığını bildirib. Qeyd olunub ki, bu proses təchizat zəncirlərinə, hava nəqliyyatına və turizm sektoruna mənfi təsir göstərir. Müharibənin nəticələri “əhəmiyyətli, qlobal və yüksək dərəcədə asimmetrik” kimi qiymətləndirilib. Bunun fonunda neft, qaz və gübrə qiymətlərində artım müşahidə olunur. Eyni zamanda, ərzaq qiymətləri ilə bağlı narahatlıqlar yüksəlib, helium, fosfatlar, alüminium və digər xammallar üzrə qlobal təchizat zəncirlərinə təsirlər qeydə alınıb. Artıq enerji daşıyıcılarının qiymətlərində artım və tədarükdə fasilələr qlobal inflyasiya təzyiqini gücləndirir və iqtisadi çətinlikləri dərinləşdirir. “Reuters” vurğulayır ki, bu böhranın təsirləri qeyri-bərabər paylanır, ən böyük zərbəni enerji idxalçıları və maliyyə ehtiyatları məhdud olan ölkələr alır. Ekspertlər xəbərdarlıq edir ki, münaqişə davam edərsə, dünya iqtisadiyyatı daha dərin enerji böhranı, neft və qaz qiymətlərinin artması və inflyasiyanın güclənməsi ilə üzləşə bilər. Ən həssas ölkələr isə bu vəziyyətə uyğunlaşmaq üçün minimal imkanlara malik olaraq qalır.
İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər. Məsələn, Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollar olub. 2024-cü ildə bu göstərici 647 milyon dollar idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilərlə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldo yaranıb. Yəni, İran Azərbaycanla ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İranla ticarət əlaqələrində texniki çətinliklər davam etsə, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlərlə belə ifadə olunmur. İxrac ölkəyə valyuta gətirir, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir. Əgər İranln ixrac imkanları daha uzun müddət məhdudlaşarsa, o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər.
Ramil QULİYEV