9-10 aprel 2026-cı il tarixlərində Daşkənddə türk dünyasının ən böyük fatehlərindən olan Əmir Teymurun 690 illiyi münasibətilə "Əmir Teymur və Teymuri Renessansının dünya tarixində və mədəniyyətində yeri və əhəmiyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Olaylar.az xəbər verir ki, tədbir çərçivəsində türk dünyasının tanınmış alimləri, tarixçiləri və ədəbiyyatşünasları bir araya gələrək Əmir Teymur və Teymuri dövrünün dünya tarixi və mədəniyyətinə təsirini müzakirə edəcəklər.
TÜRKSOY-un təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycanın tanınmış ədəbi simaları da iştirak edəcək. Onların arasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, nasir, yazıçı-dramaturq və publisist Elçin Hüseynbəyli, şair, tərcüməçi, ədəbiyyatşünas və naşir Səlim Babullaoğlu yer alır.
Bundan əlavə, 11 aprel tarixində TÜRKSOY və digər tərəfdaş təşkilatlarla birgə əlavə tədbir təşkil olunacaq. Konfransın əsas məqsədi Əmir Teymur və Teymuri Renessansının mədəni irsini araşdırmaq və türk dünyası ölkələri arasında elmi və mədəni əməkdaşlığı gücləndirməkdir.