28 fevral İrana qarşıbaşlayan hücum dalğası 35-ci gününə qədəm qoyub. İranın ABŞ və İsrailin hücumlarından sonra dünya enerji ticarətinin can damarı sayılan Hörmüz boğazını başlaması qlobal enerji bazarında böhrana səbəb olub. AB-nin Enerji üzrə komissarı Dan Yorgensen bildirib ki, Avropa "uzunmüddətli" enerji şokuna hazır olmalıdır. Bildirilir ki, yanacaq məhdudiyyətləri də daxil olmaqla, bütün mümkün ssenarilər nəzərdən keçirilir.
"Bu, uzun bir böhran dövrü olacaq. Enerji qiymətləri də çox uzun müddət yüksək qalacaq. Xüsusilə qarşıdakı həftələrdə vəziyyətin daha da pisləşəcəyini gözləyirik" – deyə “Financial Times” qəzetinə danışan Yorgensen bildirib.
Hörmüz boğazının bağlanmasına və bazarları sarsıdan Körfəzdəki enerji infrastrukturuna edilən hücumlara toxunan Yorgensen deyib ki, qarşıdakı həftələrdə peşman olmaqdansa, hazır olmaq daha yaxşıdır.
Brüsselin "ən pis ssenari" planlarına reaktiv yanacaq və dizel kimi vacib məhsulların məhdudlaşdırılması və strateji neft ehtiyatlarının bazara açılması daxildir. Yorgensen bildirib ki, yanacaq paylama kartı ilə paylanması hələ tətbiq olunmasa da, bütün hüquqi yollar araşdırılır və ABŞ-dan reaktiv yanacaq idxalını asanlaşdırmaq üçün texniki standartların yumşaldılması da mümkündür.
Bu arada, AB Komissiyası üzv dövlətlər qarşısında təchizat təhlükəsizliyini qorumaq üçün yeni bir tələb irəli sürüb. Komissiya Yaxın Şərqdəki dərinləşən böhran səbəbindən AB vətəndaşlarını daha az maşın sürməyə və daha az uçmağa təşviq etməyi xahiş edib.
Enerji böhranı həmçinin Almaniyanın nüvə enerjisindən tədricən imtina etmək qərarına yenidən baxılması məsələsini gündəmə gətirib. Almaniyanın iqtisadiyyat naziri Katerina Reyçe qaz qiymətlərinin artmasının Berlinin enerji təhlükəsizliyini təhdid etdiyini bildirib və nüvə elektrik stansiyalarının bağlanması qərarının yenidən dəyərləndirilməsini istəyib.
Reyçe qaza alternativlərinin olmadığını da etiraf edib: " Təchizatı təmin etmək üçün qaza ehtiyac var, lakin o, yeganə mənbə olaraq qalır. Avropada nüvə texnologiyaları təşəbbüsünü yenidən gündəmə gətirməliyik".
Rumıniyada isə bu gün qüvvəyə minən Fövqəladə Qaydalarla neft bazarında rəsmi olaraq "böhran vəziyyəti" elan edilib. 30 iyun tarixinə qədər davam edəcək bu qərar, yanacaqda ədalətsiz qiymət artımlarının (mənfəətpərəstliyin) qarşısını almağı hədəfləyir. Rumıniyadan dizel və xam neft ixrac etmək istəyənlər artıq İqtisadiyyat Nazirliyindən xüsusi icazə almalıdırlar.
Bolqarıstan hökuməti də bazarı məhdudlaşdırmaq üçün hərtərəfli Böhran Komitəsi yaradıb. Baş nazirin özünün sədrlik edəcəyi komitəyə enerjidən kənd təsərrüfatına, maliyyədən nəqliyyata qədər bütün nazirlər daxil olacaq.
Avstraliyanın Baş naziri Entoni Albanese isə enerjiyə qənaət üçün tam səfərbərlik elan edib.
Hörmüz boğazının bağlanması Avropanın ürəyi olan Fransanı enerji böhranının astanasına gətirib. Yanacaq qiymətlərinin qarşısıalınmaz şəkildə artması və təchizat zəncirindəki fasilələrdən sonra Fransa hökuməti neft emalı zavodlarına "istehsalı artırmağı" tapşırıb.
Hökumət həmçinin artan xərclərin öhdəsindən gəlməyə kömək etmək üçün əlavə 700.000 nəfərə "enerji böhranı çekləri" göndərəcəyini açıqlayıb.
Tahir TAĞIYEV