2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana gəlmiş xaricilərin və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda vurğulanır ki, bu ilin iki ayında Azərbaycana dünyanın 163 ölkəsindən 337.3 min (0.4 faiz az) xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin çoxu (23.2 faiz) Rusiya Federasiyası vətəndaşları olub: "2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0.8 faiz artaraq 298.7 min nəfər olub. Vətəndaşlarımızın 37.4 faizi Türkiyəyə (əvvəlki ilin eyni dövrünə nisbətən 2.1 faiz çox), 15.2 faizi Rusiya Federasiyasına (2.8 faiz az), 12.5 faizi İrana (17.7 faiz çox)... gediblər". Ekspertlər Azərbaycana gələnlərin sayında azalmanı, əsasən, bu ölkədə bir sıra qonşularla müqayisədə turizm imkanlarının əlverişli olmaması ilə izah edirlər. Onlar deyirlər ki, Azərbaycanda turizmlə bağlı qiymətlər qonşu ölkələrlə, o cümlədən Gürcüstanla müqayisədə yüksəkdir. Digər sahələrdə olduğu kimi turizmdə də əsas məsələ rəqabətdir. Daha çox turizm obyektlərinin açılmasına ehtiyac var ki, rəqabətli mühit yaransın. Rəqabətli mühit isə qiymətləri tənzimləyəcək əsas faktora çevrilir. Bu, dünyanın hər yerində belədir. İkinci məsələ isə ondan ibarətdir ki, turizmin inkişafı üçün quru sərhədləri məsələsi birdəfəlik həllini tapmalıdır. Quru sərhədlərinin açıq olması turizmə ciddi töhfə verə biləcək addım ola bilər. Digər məsələ təyyarə biletlərinin qiyməti ilə bağlıdır. Azərbaycana xarici şirkətlərin birbaşa daxil olmasına şərait genişlənməlidir ki, daha çox uçuşlar olsun, ciddi rəqabət mühiti yaransın. Digər tərəfdən ilk baxışda bir qədər qəribə səslənsə də, əsas məsələlərdən biri məzənnə siyasətidir. Yəni Azərbaycan manatı ətraf ölkələrdəki valyutalara nisbətən daha möhkəmdir. Azərbaycanda qiymətlərin qalxmasına baxmayaraq, məzənnədə heç bir dəyişiklik yoxdur. 7-8 il öncə də 100 dollar 170 manat idi. İndi də 170 mantdır. Əvvəllər 170 manata ən azı 4,5 dəfə restoranda oturmaq mümkün idisə, indi bu qiymətə 2-3 dəfə qidalanmaq mümkündür. Hökumət bu fonda artıq üzən məzənnə rejiminə keçməlidir.
Onu da xatırladaq ki, 2020-ci ilin əvvəlindən koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, bu məhdudiyyətin götürülməməsini rəsmilər təhlükəsizlik amiliilə izah edirlər.
Samirə SƏFƏROVA