Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasına görə, bu göstərici fevralın 1-i ilə müqayisədə 0.8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17 faiz artıb.
Qeyd edək ki, Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. Lakin sonradan vaxtı keçmiş kreditlərdə yenidən azalma müşahidə edilmişdi. Bununla belə, 2024-cü ilin sonlarından yenidən əks proses getməyə başladı. İqtisadçılar bunu əhalinin maddi vəziyyəti ilə izah edirlər. İqtisadçı ekspertlər onu da deyir ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun, hər biri çox yüksək faizlidir. Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük faizlər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. Ölkəmizdə kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Bir müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq. İndilikdə insanlar maliyyə problemləri ucbatından götürdüyü vəsaiti ödəyə bilmirlər. Belə olan halda da faiz borcları da üzərinə gələrək ödəniləcək borc daha da artır.
Ramil QULİYEV