Azər Həsrət: “Moskva yenə də bu iki respublika və onların xalqları arasında uçurum yaratmaqda israrlıdır”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ məsələsində Ermənistan rəhbərliyinin Moskvanı ittiham etmək cəhdlərinə kəskin reaksiya verib.
"Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibə verən Peskov, Vladimir Putinin yeganə istəyinin bu mövzu müzakirə olunarkən Rusiyaya artıq "istinadların" edilməməsi olduğunu bildirib. Peskov xatırladıb ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması birbaşa Ermənistan hakimiyyətinin öz qərarıdır.
“Bu, İrəvanda hakimiyyətdə olan rəhbərliyin qərarıdır. Rusiyanın bura qətiyyən aidiyyatı yoxdur”, - deyə o vurğulayıb.
Madam bunun Rusiyaya aidiyyatı yoxdur o zaman Putin niyə yerli-yersiz zaman-zaman Paşinyanın 2022-ci ilin oktyabrında Praqada Qarabağla bağlı sərgilədiyi mövqeyi xüsusi qabardır, xatırladır? Axı bunu hər dəfə gündəmə gətirmək istəyən, bundan öz məqsədləri üçün istifadə edən Rusiya tərəfidir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Azər Həsrətin fikrincə, Qarabağ məsələsi Rusiyanın həm Azərbaycana, həm də Ermənistana davamlı təzyiq etməsi üçün vasitə idi: “O üzdən, Rusiya bu təsir alətindən gen-bol istifadə edirdi. Yəni Azərbaycanla Ermənistanı Qarabağ məsələsi ilə şantaj edirdi, daim təzyiq altında saxlayırdı. İndi o məsələ kökündən həll edilib. Nəticədə Ermənistan da məmnundur, Azərbaycan da məmnundur. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşıb. Hətta ölkələr arasında kommunikasiyalar açılmağa başlayıb. Tərəflər arasında sülh sazişinin imzalanması çox da uzaqda deyil. Böyük ehtimalla Ermənistanda keçirilən parlament seçkilərindən sonra o müqavilə imzalanacaq. Bununla da məsələ kökündən tam və birdəfəlik həll edilmiş olacaq. Belə bir mərhələdə Rusiyanın durub da dəxli və zərurət olmadan bu məsələni gündəmə gətirməsi bir daha ondan xəbər verir ki, Moskva yenə də bu iki respublika və onların xalqları arasında uçurum yaratmaqda israrlıdır. Ona görə də hesab edirəm ki, Azərbaycan və Ermənistan ictimaiyyəti, eləcə də iki dövlət sözügedən məsələnin üzərinə birlikdə getməlidir. Yəni biz birlikdə Möskvaya yerini göstərməliyik. Birlikdə Moskvaya anlatmalıyıq ki, pozucu formada regiona müdaxilə etməsin. Yəni elə bir şərait yaratmalıyıq ki, Rusiya rəsmiləri bir daha cürət edib Qarabağ məsələsi haqqında danışmasınlar. Ona görə ki, Qarabağ məsələsi kökündən həll edilib. Bunu görməmək üçün sadəcə kor olmaq lazımdır. Yaxud da ki, bunu arzu etməyən Moskva ikidə bir dilə gətirib ara qarışdırmaqla məşğuldur. Ona görə də düşünürəm ki, Ermənistanla Azərbaycan əl-ələ verib bu məsələni Rusiyanın qarşısında qoymalıdır. Hətta Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə notası yerinə düşərdi. Moskvaya yönəlik ki, Rusiya bura müdaxilə etməsin”.
Vidadi ORDAHALLI