Ramil Məmmədli: “Güman edirəm ki, Tramp Hörmüz boğazı açılmadan müharibəni dayandırmaq istəyir”
ABŞ Prezidenti Donald Tramp İrandan Hörmüz boğazını 7 aprelə qədər açmasını tələb edib. Tramp bununla bağlı Truth Social-da yazıb: “Çərşənbə axşamı İranda elektrik stansiyaları və körpü günləri olacaq, ikisi birində. Belə bir şey heç vaxt olmayıb!!! Lənətə gəlmiş Hörmüz boğazını açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ BAXIN! Allaha həmd olsun”.
Bundan başqa, Tramp kürdlər vasitəsilə İrandakı etirazçılara çoxlu silah göndərildiyini bildirib: “Biz iranlı etirazçılara çoxlu silah göndərmişik. Biz bu silahları kürdlər vasitəsilə göndərmişik. Məncə kürdlər o silahları saxlayıblar”.
Ancaq bütün bunlara baxmayaraq, ABŞ-ın Hörmüzlə bağlı daha sərt addımlar atacağına inam azalır. Belə bir versiya var ki, Tramp hətta Hörmüz boğazı açılmadığı təqdirdə belə müharibənin bitə biləcəyi qənaətindədir.
Maraqlıdır, Hörmüz açılmadan Tramp müharibəni dayandıra bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında prinsipcə, bunu mümkün hesab etdi: “Bunu şərtləndirən bir sıra faktorlar var. Birinci faktor odur ki, Hörmüzün açılması ABŞ-a yox, Çinə, Avropa İttifaqına, Asiya ölkələrinə lazımdır. Çünki dünya neftinin 20 faizi, maye qazın isə, böyük hissəsi Hörmüz üzərindən ixrac edilir. İkincisi, Trampın Hörmüzün açılması ilə bağlı çağırışına Avropanın aparıcı ölkələri yox dedilər. Açıq bəyan etdilər ki, bu bizim müharibə deyil. Üstəlik, NATO üzvü olan ölkələr ABŞ-ın həmin dövlətlərin ərazilərində olan hərbi bazalardan istifadə etməsinə belə, razılıq vermədilər. Bu, Trampı həm qəzəbləndirdi, həm də məyus etdi. Üçüncüsü, Tramp İranla müharibəni qısa müddətə hesablamışdı. Ancaq proseslər bunun əksini göstərdi. Üstəlik, Birləşmiş Ştatların İranla bağlı aydın strategiyası yoxdur. Dördüncüsü, Tramp İrana qarşı quru əməliyyatların uzun çəkəcəyindən və nəticədə ABŞ-ın ciddi problemlərlə üzləşəcəyindən ehtiyat edir. Ən azından ona görə ki, İran İraq deyil. Daha böyük ölkədir. Hələ İraqa hücum edəndə müttəfiqləri yanında idi. Beşincisi, Hörmüzlə bağlı ABŞ İranı kütləvi bombalasa, qarşı tərəf də körfəz ölkələrinin neft-qaz infrastrukturunu vuracaq. Nəticədə neftin qiyməti ilə bağlı daha fəlakətli vəziyyət yaranacaq. Bütün bunlardan çıxış edərək güman edirəm ki, Tramp Hörmüz boğazı açılmadan müharibəni dayandırmaq istəyir. Görünən odur ki, Tramp aldandığının fərqindədir. Ona verilən kəşfiyyat məlumatları özünü doğrultmadı”.
Vidadi ORDAHALLI