ABŞ-da Demokrat senator Kris Merfi bildirib ki, əgər Prezident Donald Trampın İrana qarşı təhdidləri həyata keçirilərsə, bu, "açıq-aşkar müharibə cinayəti" olacaq.
Trampın İranla bağlı ritorikasına X sosial media hesabında münasibət bildirən senator Merfi qeyd edib ki, İrandakı körpüləri və elektrik stansiyalarını hədəf almaq Hörmüz boğazının yenidən açılmasına töhfə verməyəcək, əksinə ABŞ-ın nüfuzuna xələl gətirəcək.
Merfi iddia edib ki, Tramp "hətta hərbi hədəfləri seçmir" və "milli panika yaratmaq üçün on minlərlə mülki şəxsi öldürməyə hazırdır". O, əlavə edib ki, əgər onun İrana qarşı təhdidləri gerçəkləşərsə, bu, "açıq-aşkar müharibə cinayəti" təşkil edəcək.
Trampın jurnalistlərə kütləvi müharibə cinayətləri törətəcəyini söylədiyini deyən Merfi, Respublikaçılar Partiyasının liderlərini Trampı dayandırmağa çağırıb.
Digər tərəfdən, Senatın azlıq lideri demokrat Çak Şumer, Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris və senator Berni Sanders də Trampın İranla bağlı açıqlamalarına reaksiya veriblər.
Şumer milyonlarla amerikalının Pasxa bayramı üçün toplaşdığı bir gündə Trampın açıqlamalarının "qəbuledilməz" olduğunu deyib, Ceffris və Sanders isə açıqlamaları "təhlükəli" və "qeyri-sabit" adlandırıb.
Prezident Tramp sosial media paylaşımında 7 aprelin İranda "Enerji Stansiyası və Körpü Günü" olacağını bildirib və Tehran administrasiyasını Hörmüz boğazını açmağa çağırıb, əks halda İranın ağır nəticələrlə üzləşəcəyini bildirib.
Tahir TAĞIYEV