Elşən Manafov: “Bundan sonra Trampın Ukrayna məsələsində onlara dəstək verəcəyi inandırıcı təsir bağışlamır”
Məlum olduğu kimi, aprelin 8-də ABŞ-ın İrana qarşı müəyyən etdiyi ultimatumun başa çatmasına iki saatdan az vaxt qalmış, tərəflər arasında iki həftəlik müvəqqəti atəşkəs razılaşması əldə olundu. Bu addım Yaxın Şərqdə 40 gündür davam edən və genişmiqyaslı regional müharibə riskini artıran hərbi əməliyyatları dayandırmaq məqsədi daşıyır.
Atəşkəsin əldə olunmasında Pakistanın diplomatik vasitəçiliyi həlledici faktor kimi qiymətləndirilir.
Maraqlıdır, bundan sonra ABŞ Rusiya ilə Ukrayna arasında razılığın əldə edilməsi ilə bağlı danışıqlara diqqəti artıracaq, yoxsa Tramp Avropa İttifaqından incidiyi üçün ümumiyyətlə bu məsələyə biganə yanaşacaq? Ümumən, ABŞ-ın Ukrayna ilə bağlı siyasətində bundan sonra nə gözlənilir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “Əvvəla, nəzərə almaq lazımdır ki, ABŞ-ın İranla razılığa gəlməsi barədə yayımlanan məlumatlar ziddiyyətli xarakter daşıyır. 15 maddədən ibarət bu razılaşma ilə ABŞ və İranın yayımladığı məlumatlar fərqlidir. İran ABŞ-dan ona qarşı aparılan müharibədə təzminatın ödənilməsini, sanksiyaların ləğvini, BMT-nin İranla bağlı qətnamələrinin ləğvini istəyir. Həmçinin təcavüzün təkrar olunmayacağı ilə bağlı təminat, regiondakı ərəb ölkələrindən ABŞ hərbi bazalarının çıxarılmasını, İranın uranı zənginləşdirmək hüququnun tanınması və s . tələb edib. Tramp bu məsələlərlə bağlı şərh vermir. Lakin razılığın əld edilməsi ilə bağlı məsələləri Vaşinqtonun qələbəsi kimi təqdim etməyə çalışır. Digər tərəfdən atəşkəs barədə razılıq müvəqqəti xarakter kəsb edəcək. Mübahisəli məsələlərlə bağlı tərəflər arasında gərginliyi aradan qaldırmayacaq. Nəhayət, Trampın İranı silahla təchiz edən ölkələrə tarif faizlərini qaldıra biləcəyi ilə bağlı hədələri göstərir ki, ABŞ İran probleminin həllinə nail olmayıb. Bu isə özlüyündə ona Ukrayna müharibəsinin doğurduğu problemlərin nizamı ilə fəal şəkildə məşğul olmağa imkan verməyəcək. Digər tərəfdən Hörmüz boğazı ətrafında yaşananlarla bağlı Tramp Avropadakı müttəfiqlərindən narazı qalıb. Avropa İttifaqı və Böyük Britaniya Trampın çağırışlarına nəzərən Hörmuz boğazına hərbi dəniz qüvvələrini göndərməkdən imtina etdiklərindən, bundan sonra Trampın Ukrayna məsələsində onlara dəstək verəcəyi inandırıcı təsir bağışlamır. Onun ABŞ-ı NATO-dan çıxara biləcəyi ilə bağlı bəyanatları isə göstərir ki, hazırda ABŞ və Avropa İttifaqı arasında qoca qitənin təhlükəsizlik problemləri ilə bağlı məsələlərə münasibətdə fərqli baxışlar yaranıb”.
Vidadi ORDAHALLI